Oqtay Əsədov Gürcüstan prezidenti Marqvelaşvili ilə görüşüb

Oqtay Əsədov Gürcüstan prezidenti Marqvelaşvili ilə görüşüb

13 Fevral 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, O.Əsədov ali qonağı səmimi salamlayaraq, ölkəmizə bu rəsmi səfərin münasibətlərimizin daha da dərinləşməsinə mühüm töhfə verəcəyini bildirib.

O qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir, bu münasibətlər tarixi baxımdan da çox zəngindir: "Bu günədək ölkələrimiz arasında 105 sənəd imzalanıb ki, onlar da əlaqələrimizin hüquqi bazasını təşkil edir. Gürcüstan Azərbaycanın reallaşdırdığı böyük miqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallığa çevrilməsində ölkələrimiz səmərəli əməkdaşlıq ediblər. Bu gün "Şahdəniz-2" qaz layihəsinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin həyata keçirilməsində bu əməkdaşlığımız xalqlarımızın rifahı naminə davam etməkdədir".

Spiker Cənubi Qafqazda separatizm meyllərinin və bununla bağlı hərəkətlərin bölgənin inkişafına böyük maneə törətdiyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, regiondakı münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapacaq.

Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, tarixən xalqlarımız arasında mövcud olan mehriban qonşuluq əlaqələrini yüksək dəyərləndirib. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində bu əlaqələrin müsbət rol oynadığını diqqətə çatdırıb. Qonaq qeyd edib ki, ölkəsi Azərbaycanla təkcə neft-qaz sahəsində deyil, elm, təhsil, mədəniyyət sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədir. Qəbulda əməkdaşlığın gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, vitse-spiker Valeh Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziguri, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və digər rəsmi şəxslər iştirak ediblər.