Gürcüstanda beynəlxalq konfrans keçirilir

Gürcüstanda beynəlxalq konfrans keçirilir

10 Fevral 2014 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Tbilisi şəhərində (Gürcüstan) Dünya Bankının təşkilatçılığı ilə PEMPAL proqramı çərçivəsində beynəlxalq konfrans işə başlayıb.

Apa-nın Gürcüstan bürosunun məlumatına görə, fevralın 12-dək davam edəcək konfransı Gürcüstanın maliyyə naziri Nodar Xaduri açıb. N.Xaduri PEMPAL proqramı haqqında və bu proqram çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsi, eləcə də donor təşkilatlarının rolu, Maliyyə Nazirliyinin təkmilləşdirilməsi haqqında məlumat verib. "Tbilisidə hər il PEMPAL proqramı üzrə beynəlxalq konfrans keçirilir. Bu il keçirilən tədbir çox vacibdir. Bugünkü tədbir mühasibatlıq sahəsində ümumi bölmənin qeydə alınması və hesabatına həsr olunub. Biz büdcə, xəzinə, audit və daxili audit sahələrində ictimai maliyyənin idarə edilməsi, dövlət sektorunda mühasibat uçotu və hesabatlılıq barədə məlumat verəcək və təcrübəmizi bölüşəcəyik", - deyə nazir bildirib.

Tədbirdə qeyd olunub ki, PEMPAL proqramına üzv olan müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mühasibat uçotu sahəsində əldə etdikləri müsbət təcrübəsi ilə bölüşəcək, müxtəlif tematik layihələrin təqdimatını keçirəcək, fikir mübadiləsi aparacaqlar.

Konfransda Azərbaycanı Maliyyə Nazirliyinin nümayəndə heyəti təmsil edir.

Beynəlxalq konfransa Mərkəzi Asiya və Şərqi Avropanın 15 ölkəsindən dövlət xəzinədarlığının rəhbərləri və digər maliyyə qurumlarının nümayəndələri qatılıblar.

Qeyd edək ki, PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib. Onun məqsədi bilik və təcrübə mübadiləsi vasitəsilə dövlət maliyyə idarəetməsi əməkdaşlarının ixtisasını artırmaqdır. Bu proqram özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsinin nümayəndələrini birləşdirir.

Tədbirdə iştirak edən Azərbaycan Maliyyə Nazirliyi Dövlət xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev jurnalistlərə açıqlamasında beynəlxalq konfransda PEMPAL proqramına üzv ölkələrdə mövcud təcrübə barədə söhbət açıldığını bildirib: "Keçən ilin noyabr ayında Azərbaycanda da belə bir tədbir keçirilib. Biz proqram çərçivəsində kifayət qədər təcrübə toplamışıq. Tbilisidə keçirilən tədbirdə maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər vacib məsələlər haqqında geniş məlumat verdik, bu da konfrans iştirakçılarının böyük marağına səbəb olub".