Oğlu Suriyaya gedən ata: “Bu işdə Türkiyə hökuməti günahkardır”

Oğlu Suriyaya gedən ata: “Bu işdə Türkiyə hökuməti günahkardır”

6 Fevral 2014 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ata iddia edir ki, əgər Türkiyə sərhədi qorunmuş olsaydı oğlu bu sərhədi asanlıqla aşa bilməzdi

Övladları Suriyadakı döyüşlərə qatılan valideynlər bu məsələdə Azərbaycanın Hüquq Mühafizə Orqanları ilə yanaşı həm də Türkiyə hökumətini günahlandırır. Oğlunu Suriya müharibəsinin cəngindən çıxarmağa çalışan ata Hikmət Quliyev iddia edir ki, əgər Türkiyə hökuməti sərhədlərini qorumuş olsaydı azərbaycanlılar da bu sərhədi asanlıqla aşa bilməzdilər. Bu faktları sadalayan valideyn isə tək Hikmət Quliyev deyil. Həmkarım Qənirə Ataşova da bu sərhədi maneəsiz keçib.

Suriyaya gedən jurnalist, Qənirə Ataşova: "Biz sərhədi keçəndə orda yalnız türk sərhədçiləri ilə rastlaşdıq. Pasportumuza baxdılar və sərhədi rahatlıqla keçməyimizə şərait yaratdılar. Amma dedilər ki, siz tutulsanız biz sizi görməmişik. Amma hansısa sənədimizin qeydiyyatı aparılsın filan bu baş vermədi".
Türkiyə sərhədinin mühafizə olunmadığını bu şəkillər də sübut edir. Faktlar isə onu göstərir ki, Turkiyə hökuməti sərhəd siyasətində, Suriya müxalifətinin xeyrinə addım atır. Hər şeyə rəğmən Azərbaycanın bu məsələdə Türkiyədən gözləntiləri var.

Siyasi ekspert, Rövşən İbrahimov: "Biz yeganə dövlət olaraq onlara müraciət edə bilərik ki, Suriya istiqamətində gedən azərbaycanlıların hərəkətinə nəzarət edib, onun bir qədər məhdudlaşdırsın sərhəddən keçməsini. Bu da əlbəttə ki, hər hansı müraciətlə. Fəqət dediyim kimi sərhəddə vəziyyət ortadan qalxmışsa buna nəzarət bir qədər çətinlik yaradacaq. Amma yenə də Turkiyə dövləti öz növbəsində hər hansı addımlar ata bilər."
Unutmayaq ki, nəzarətə götürülməli olan tək Turkiyə-Suriya sərhədi deyil, həm də öz istək və arzularımızın sərhədidir.

ANS