Həsən Ruhani: “İranın qonşu ölkələrlə əlaqələri inkişaf edir”

Həsən Ruhani: “İranın qonşu ölkələrlə əlaqələri inkişaf edir”

6 Fevral 2014 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti Həsən Ruhani İslam inqilabının 35-ci ildönümü münasibətilə xalqa müraciət edib. Apa-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H.Ruhani bildirib ki, İran İslam İnqilabı tarix boyu baş verən böyük bir möcüzə olub: "Müdafiəsiz bir xalqın təpədən-dırnağadək silahlanmış bir rejim qarşısında qələbə çalması misli görünməmiş bir hadisə idi".

İran prezidenti deyib ki, beynəlxalq arenada yeni bir atmosfer yaranıb: "İran xalqı konstruktiv əlaqələr qurmağı öz şüarları sırasında yerləşdirib. Biz bu gün ölkənin xarici siyasətində böyük bir dəyişikliyin baş verməsinin şahidiyik. Bu da həm qonşularımız, həm də dünyanın böyük dövlətləri ilə münasibətlərdə özünü göstərir. Xarici siyasətdə iri addımlar atılıb. Dünyanın böyük dövlətləri ilə əlaqələrimizdə böyük dəyişikliklər baş verib. Eyni zamanda İranın qonşu ölkələrlə də əlaqələri inkişaf edir. Bəzi dövlət başçıları, ö cümlədən Azərbaycan Respublikası, Türkiyə, İraq, Türkmənistan, Ermənistan kimi ölkələrin liderləri ilə görüşlərim olub. Bu görüşlərdə iqtisadiyyat, diplomatiya, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, həmçinin regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb".

H.Ruhani vurğulayıb ki, xarici investorlar İranda investisiya qoymağa maraqlıdırlar: "Biz hazırda ölkənin siyasi və iqtisadi sektorunda böyük bir canlanmanın şahidik və dünyanın müxtəlif ölkələrindən İrana səfərlərini müşahidə edirik. Təxminən 117 siyasi qrup Tehrana daxil olub, qarşıdakı aylarda isə xarici iş adamları və ölkə başçılarının İrana səfərləri ilə də böyük dəyişikliklərin şahidi olacağıq".