Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun toplantısı olub

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun toplantısı olub

3 Fevral 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Apa -ya verilən məlumata görə, toplantıda türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib.

Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub.

Təmas qrupu "Türkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul edib. Toplantıda həmçinin 2014-cü ildə Bakıda "1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq" mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə qərar qəbul olunub.

2015-ci ilin aprel ayında Fransada türkdilli ölkələrin diaspor təşkilatlarının birgə toplantısının keçirilməsi barədə təklif iştirakçılar tərəfindən müsbət qarşılanıb. Tövsiyə olunub ki, bu tədbirdə "Türkdilli ölkələrin diasporlarının ortaq fəaliyyət strategiyası"ndan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər də müzakirə olunsun.

Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı "Türkdilli diasporların birgə fəaliyyət planı"nda öz əksin tapmış müdəa da toplantıda geniş müzakirə olunub. Qərara gəlinib ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların yaradılması üçün müvafiq təkliflər hazırlansın.

Aparılmış müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla, "Türkdilli diasporların birgə fəaliyyət planı" qəbul olunub.

Daha sonra toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnaməsi geniş müzakirə olunub.