“Sepah”ın baş komandan müavini İranın hərbi gücündən danışıb

“Sepah”ın baş komandan müavini İranın hərbi gücündən danışıb

3 Fevral 2014 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Amerikalılar beynəlxalq əlaqələrdə siyasi məntiqə sahib deyillər və bu səbəbdən daima gücdən istifadə etməyə çalışırlar". Apa -nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran İslam Keşikçiləri Korpusunun ("Sepah") baş komandanının müavini general Hüseyn Salami bildirib.

Onun sözlərinə görə, diplomatik müharibədə məntiq və gücə malik olan tərəf heç vaxt hərb kəlməsindən istifadə etməz: "Ancaq amerikalılar çətinliklə və siyasi müqavimətlə üzləşdikləri zaman digər yollara müraciət etməkdən başqa çarə görmürlər. Biz son dərəcə dağıdıcı, məhvedici və hücum mövqeli hərbi gücə və fövqəldövlətlərin mənafelərini istənilən səviyyədə təhlükəyə atmaq iqtidarına sahibik. Bununla belə, İran yenə də diplomatik müzakirə masasında hərbi gücdən söz açmır. İranın hərbi gücü xarici siyasət və nüvə müzakirəçiləri üçün böyük potensial və möhkəm dayaq hesab olunur".

H.Salami deyib ki, ABŞ İrana qarşı müxtəlif ssenarilərə, o cümlədən havadan, raket vasitəsilə və ya lokal yerüstü hücumlarla bağlı ssenarilərə malik ola bilər: "Ancaq bütün bu ssenarilər əvvəlcədən məlumdur və bütün mümkün ehtimallar araşdırılıb. Biz bütün bu kimi sahələrə tam nəzarətə malikik. Biz ABŞ-ın hərbi strategiyasını müəyyən etmişik və onları təhlil etməklə öz bacarıqlarımızı uyğun və münasib formada formalaşdırmışıq. ABŞ üçün şok effekti yaradacaq nöqtələri müəyyənləşdirmişik. Onların İrana qarşı hərbi əməliyyat aparmaları tamamilə bir fərziyyədir. Lakin biz hərbi gücümüzün sübut olunduğu zamanda müzakirələrə başlamışıq. Düşmənin regiondakı istənilən hərbi dayaq nöqtələri, hərbi imkanları və potensialları bizim hədəfimizdədir. Biz bütün bu nöqtələri saniyə-saniyə izləyirik. Onların hamısını müəyyənləşdirərək təqibə almışıq. Düşmənin bütün həyati mənafeyinə bizim tam nəzarətimiz var".

"Sepah"ın baş komandan müavini vurğulayıb ki, xaricdə böyük potensiallar formalaşıb: "Hizbullah" təşkilatı regionda böyük gücə malikdir. Bu təşkilata həlledici bir döyüşün arzusunda olan insanlar toplaşıb. Bundan əlavə, İranın hərbi dəniz gücü də tam hazır vəziyyətdədir. Kruiz və ballistik raketlərimizin hədəfi vurmaq dəqiqliyi də xeyli yaxşılaşdırılıb. Bizim ballistik raketlərimiz səsdən bir neçə dəfə sürətlidirlər və hərəkətdə olan hədəfləri də vurmağa qadirdirlər. Bizim səmanı düşmənin uçan obyektləri üçün xeyli təhlükəli zonaya çevirmiş güclü havadan müdafiə potensialımız var. Yer üzündə müstəqilliyimizi və ərazi bütövlüyümüzü xəyali şəkildə müdafiə edən minlərlə batalyon var. Xalqımızla təhdid və ya təhqir dili ilə danışmaq istəyən hər bir kəs onunla qarşılaşmaq üçün heç bir coğrafi sərhəd tanımadığımızı və qarşıdurma meydanını heç bir sərhədlər ilə məhdudlaşdırmadığımızı bilməlidir. Əlbəttə, düşmən də bu mesajı dərk edib. Bu gün bizim hərbi gücümüz fövqəldövlətlərin gözləntilərindən xeyli yüksək səviyyədədir. Biz xarici siyasət üçün böyük və güclü bir dayaq, nüvə müzakirəçiləri üçün sarsılmaz arxayıq".