ABŞ Venesuelaya qarşı sanksiya tətbiq edəcək

ABŞ Venesuelaya qarşı sanksiya tətbiq edəcək

25 May 2011 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Reutersin məlumatına görə, dünən ABŞ rəsmiləri Venesuelanın İranla neft-qaz sazişlərinə görə bu ölkəyə qarşı sərt addımlar atılacağını bəyan ediblər. Venesuelanın Dövlət Neft Şirkəti olan PDVSA hədəfin mərkəzindədir. Sanksiyalar rəmzi xarakter daşısa da, yəni Venesuela neftinin dünya bazarlarında satışına əngəl törətməsə də, prezident Uqo Çavesi qəzəbləndirib. Buna qədər Çaves dəfələrlə ABŞ-a neft nəqlini dayandıracağını bildirsə də, hələ vədinə əməl etməyib.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Steynberq bu barədə deyib: "Biz bütün dünya kampaniyalarına açıq-aydın bildiririk ki, kim məsuliyyətsizlik edərək İranın enerji sektorunun inkişafına kömək edəcəksə, ABŞ-ın sanksiyalarından qurtula bilməyəcək." Steynberq həmçinin əlavə etmişdir ki, PDVSA və daha 6 şirkətə qarşı tətbiq olunacaq sanksiya onların İranla əməkdaşlığının qarşısını almaq üçündür.

ABŞ dövlət departamentinin məlumatında bildirilir ki, 2010 dekabr - 2011 mart arasında Venesuela-İran arasında ən az 50 milyon ABŞ dolları həcmində əməliyyat aparılıb.

Venesuelanın neft naziri, eyni zamanda PDSVA-nın prezidenti Rafael Ramires ölkənin televiziya kanallarında etdiyi çıxışlarda İranla işbirliyini etiraf edərək, ABŞ-ın bu işə müdaxiləsinin yolverilməz olduğunu bildirib. Həmçinin dolayısı ilə ABŞ-a hədə-qorxu gələrək deyib: "Biz sanksiyaların istehsal prosesimizə və ABŞ-a nəql edəcəyimiz yanacağın həcminə təsirini araşdıracağıq."

Xatırladaq ki, ABŞ - Venesuela arasında diplomatik əlaqələr gərgin olsa da (qeyd: bu ölkələrin qarşı tərəfdə səfiri yoxdur),Venesuela neftinin 45 faizi ABŞ-a satılır ki, bu da Amerika importunun 10 faizi deməkdir. 2007-ci ildə ABŞ-ın ExxonMobil və ConocoPhillips şirkətləri Çavesin neft sektorunu milliləşdirməsi ilə Venesueladan çıxmalı olublar.

İran meydanda tək qalsa da, dünyaya meydan oxuyur. Daha başa düşmür ki, qara qızıla arxayın olub qızıl kimi vaxtı atom bombasının istehsalına sərf etsə, qara günləri başlayacaq...

Hafiz Əhmədov

O.M.