Yəmən prezidenti istefa ərizəsini imzalayır

Yəmən prezidenti istefa ərizəsini imzalayır

18 May 2011 18:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Yəmənin prezidenti və müxalifəti rəhbərliyin mərhələli şəkildə müxalifətə ötürülməsi barədə razılığa gəliblər. Hər iki tərəf ABŞ və Avropa ölkələrinin vasitəçiliyinə razıdır. Mövcud müqavilə 33 ildir hakimiyyətdə olan Əli Abdulla Salehin bir ay ərzində istefaya getməsini nəzərdə tutur. Müxalifətin rəsmi nümayəndəsi Yahya Abu Usbua bildirmişdir ki, körfəz ölkələri və Qərbin birgə səyi nəticə verməkdədir. İlkin razılaşmaya kiçik dəyişikliklər edildikdən sonra o, yeni variantda imzalanacaq. Əl Ərəbiyə televiziya kanalı Yəmən prezidentinin məsləhətçisinə istinadən xəbəri təsdiqləyib.


ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə yarana biləcək qarşıdurma zamanı Əl Qaidənin fəallaşacağından ehtiyatlanır.


Xatırladaq ki, bundan əvvəl də, yəni aprel ayında Körfəz Ölkələri Birliyi prezidentin istefa barədə razılığını almışdı. Lakin Ali Abdulla Saleh son anda müqaviləni imzalamaqdan imtina etmişdi.


Prezidentin səmimiyyətinə şübhə ilə yanaşan müxalifət etiraz dalğalarını artırmaqda israrlıdır. Ötən həftə bu cür kütləvi tədbirlərin birində onlar Qırmızı dənizin Hudaida limanını tutmuş, ölkənin ikinci limanı ilə bərabər İbb, Taiz, Hadramaut şəhərlərinin digər məntəqələrlə əlaqəsini kəsmişdi. Bunun ardınca hökumət qüvvələri onlara atəş açmışdı.


Vəzifə o qədər şirin şeydir ki, Yəmən prezidenti istefa məsələsində ağzını turşudur...

Hafiz Əhmədov

O.M.