Obama bu gün Suriyaya hücum edəcək?

Obama bu gün Suriyaya hücum edəcək?

29 Avqust 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Bu, Suriya hökuməti üçün xəbərdarlıq siqnalı olmalıdır"

ABŞ prezidenti Barak Obama Suriyada hərbi əməliyyatlara başlamaqla bağlı hələ qərar qəbul etmədiyini açıqlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Obama bu barədə Amerikanın PBS telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, güc nümayişi ölkədəki bütün problemləri həll edə bilməz, lakin qərb güclərinin hərbi əməliyyatlara hazırlığı özü-özlüyündə Suriya hökuməti üçün xəbərdarlıq siqnalı olmalıdır. Ağ Ev rəhbəri qeyd edib ki, rəsmi Vaşinqton Rusiya da daxil olmaqla digər ölkələrlə birgə münaqişəni dinc yolla həll etmək cəhdlərini davam etdirməlidir:

"Bu gün Ağ Ev administrasiyası Amerika Konqresini Suriya ilə bağlı mümkün tədbirlərlə bağlı məlumatlandırmaq niyyətindədir".

Qeyd edək ki, bu günlərdə BMT qərargahında Təhlükəsizlik Şurasının qapalı toplantısı keçirilib. İclasda Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsi müzakirə edilib. Qətnamə Suriyada mülki əhalinin müdafiəsi məqsədilə hərbi müdaxiləyə icazə verilməsini təklif edir. Rusiya həmin sənədi dəstəkləməkdən imtina edib.

O.M.