İlham Əliyevlə bağlı sayt açıldı

İlham Əliyevlə bağlı sayt açıldı

21 Avqust 2013 10:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün avqustun 21-də İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı açılıb

Bu gün avqustun 21-də İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı açılıb.

Oxumeni.az xəbər verir ki, president-az.com ünvanında fəaliyyətə başlayan saytın müəllifi bundan əvvəl Azərbaycan, o cümlədən Qarabağ haqda ensiklopedik internet resurslarının müəllifi olan İlham Abduyevdir. Sayt cəmi 40 bölmədən ibarətdir. Bölmələr İlham Əliyevin ötən 10 ili əhatə edən hakimiyyəti dövründə iqtisadiyyatdan tutmuş sosial təminata , ordu quruculuğundan xarici siyasətə, mədəniyyətə, idmana və digər sahələrə dair görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrini əks edirir.

Bölmələrdə 300-dən çox məqalələr toplusu yerləşdirilib. Bu məqalələr həcmcə yığcamdır, eyni zamanda faktlar və rəqəmlər, inkişaf dinamikasına dair göstəricilər üzərində qurulub. Sayt azərbaycan, ingilis, rus, türk, alman, farnsız və ispan dillərində təqdim olunur, internet texnologiyalarının ən yeni nailiyyətləri əsasında hazırlanıb və orijinal təqdimat üslubuna malikdir.

president-az.com internet resursunun fəaliyyətə başlaması ilə əlaqədar saytda İlham Abduyevin müraciəti də yer alır. İ.Abduyev müraciətində saytın yaradılmasının hansı zərurətdən irəli gəldiyini əsaslandıraraq qeyd edir ki, ölkənin ən yüksək reytinqə malik siyasətçisi kimi İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanmaq şansının kifayət qədər yüksək olduğu şübhə doğurmur. Sitat: "Azərbaycan Prezidenti bu şansı ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb.Tam əminliklə demək olar ki, İlham Əliyevin hakimiyyət başında olduğu ötən 10 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşəcək. Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bir sözlə, İlham Əliyevin ötən 10 illik prezidentliyi dövründə elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Rəhbərlik etdiyim azerbaijans.com saytının intellektual komandası olaraq bu seçki ilində qərara aldıq ki, Azərbaycanın həm ötən 10 illik inkişaf tarixinə yekun vuran, eyni zamanda seçicilərin nədən növbəti müddətə İlham Əliyevi prezident seçməli olduğunu əsaslandıran, siyasi mübarizəyə yeni çalar gətirən bir layihə ortaya qoyaq.Bu, Azərbaycan prezidentinin ötən 10 illik fəaliyyəti dövründə ölkəmizin haradan haraya gəldiyini, hansı nailiyyətlər qazandığını hər kəs üçün anlaşılan sadə dildə, eyni zamanda faktlara, statistik göstəricilərə əsaslanan təhlillə, yeddi dildə təqdim edən, internet və multimedia texnologiyalarının ən son nailiyyətləri üzərində qurulan, uzunmüddətli gərgin əməyin nəticəsi olaraq sizlərə təqdim etdiyimiz president-az.com saytıdır".

İ.Abduyev vurğulayır ki, sayt Azərbaycan dilindən əlavə dünyanın 200-dən çox ölkəsinin 150-dən çoxunda anlaşılan altı aparıcı dildə yayılır. Onun sözlərinə görə, internetin hazırda informasiya və təbliğat vasitəsi kimi dünyada sürətlə artan rolunu nəzərə alaraq bu layihə Azərbaycan barədə həqiqətlərin dünyaya çatdırılmasında da mühüm vasitə ola bilər. Lakin sayt prezidentin gündəlik iş fəaliyyətinə dair məlumatları çatdırmaq mahiyyətindən uzaqdır. Müəllif xatırladır ki, bunun üçün prezidentin rəsmi internet saytı fəaliyyət göstərir: "Bizim məqsədimiz prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə görülmüş işlərə yekun vurmaq, eyni zamanda onun seçki təbliğatına dəstək vermək və Azərbaycanın növbəti beş ildə İlham Əliyevin prezident kimi fəaliyyəti sayəsində daha hansı uğurlar əldə edəcəyini göstərmək məqsədi daşıyır. Saytın hazırlanmasına və orada yer alan təhlillərin aparılmasına müxtəlif sahələr üzrə peşəkarlar, ekspertlər, o cümlədən xarici ekspertlər cəlb olunublar".

Saytda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasının əsas müddəalarının yer aldığı xüsusi bölmə də var. Həmçinin məlum olur ki, sayt müntəzəm olaraq yenilənəcək, bu məqsədlə saytda ayrıca bölmə nəzərdə tutulub və orada 2020-ci ilə hədəflənmiş proqramların həyata keçirilməsi sahəsində görülmüş işlərin, həmçinin prezidentin qəbul etdiyi qərarların təhlili yer alacaq. "president-az.com saytı Azərbaycanın ötən 10 ildə kasıblığın və işsizliyin yüksək olduğu ölkədən firavanlığın hökm sürdüyü, əhalinin rifahının yüksəldiyi, regionda şəksiz liderliyə malik olan ölkəyə çevrildiyini əks etdirən layihədir. İnanırıq ki, bu layihə Azərbaycanda siyasi mübarizə üsullarına yeni çalar gətirəcək. İlk dəfə olaraq prezident seçkilərində iştirak edən namizədin hakimiyyət başında olduğu müddət ərzində gördüyü işlər, eyni zamanda gələcəyə yönələn hədəflər bu cür kompleks şəkildə, təhlil olunmuş üslubda və indiki formatda seçicilərə çatdırılır. Nəticədə seçicilər üçün müqayisə imkanı yaranır: Prezident İlham Əliyevin potensial alternativləri hansı proqramı təklif edir, ümumiyyətlə təklif edirmi və onların təklif etdikləri ilə İlham Əliyevin gördüyü işlər, gələcəyə yönələn planlar arasında hansı fərqlər var?" Abduyev müraciətində bildirir.

O.M.