Namizədlərə nə qədər efir vaxtı veriləcək?

Namizədlərə nə qədər efir vaxtı veriləcək?

19 Avqust 2013 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 9-da keçiriləcək prezident seçkisində qeydə alınmış namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayıracaq.

Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Seçki qanunvericiliyinin tələblərinə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-i səhər saat 8-dək aparıla bilər. Bu, üç həftə (16-22 sentyabr, 23-29 sentyabr, 30 sentyabr-6 oktyabr) efir vaxtı deməkdir.

Avqustun 19-dək prezident seçkisinə 12 nəfər qatılıb: Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, hüquqşünas İlqar Altay, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və politoloq Ərəstun Oruclu.

Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) 12 namizəd arasında bərabər böləndə hər namizədə həftədə 15 dəqiqə efir vaxtı düşür. İctimai Televiziya efir vaxtını həftədə üç dəfə ayırsa, hər namizədin 5 dəqiqə danışmaq imkanı olacaq.

Namizədlərin irəli sürülməsi prosesi sentyabrın ilk günlərinədək davam edəcək və artımın olacağı şübhə doğurmur. "Media forum" saytının hesablamasına görə, namizədlərin sayı 15 olacağı təqdirdə həftəlik efir vaxtı 12 dəqiqəyə (bir dəfəyə 4 dəqiqə), 20 olacağı halda 9 dəqiqəyə (bir dəfəyə 3 dəqiqə) enəcək.

O.M.