Prezident Bakıda orta məktəbə baş çəkdi

Prezident Bakıda orta məktəbə baş çəkdi

10 Avqust 2013 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
O, orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub


Prezident İlham Əliyev bu gün Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.Dövlət başçısına məlumat verilib ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə təxliyyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin üzünə açmışdır. Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdi. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatmışdır. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılıb.

Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunmuş və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilmişdir. Üç fənn labaratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Onu da qeyd edək ki, digər məktəblərdə olduğu kimi, bu təhsil ocağında da siniflərin istilik sistemi ilə təchiz olunmasına xüsusi diqqət göstərilmişdir. Bundan əlavə, məktəbdəki idman zalı da yenidən qurulmuş, burada şagirdlərin idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılmışdır. Akt zalında isə məktəb həyatı ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün imkanlar vardır. Gələcəkdə məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə idman meydançasının, həmçinin akt zalının daha da genişləndirilməsi planlaşdırılır.Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

O.M.