İtaliyanın baş naziri avqustun 11-də Azərbaycana gələcək

İtaliyanın baş naziri avqustun 11-də Azərbaycana gələcək

8 Avqust 2013 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın baş naziri Enriko Letta avqustun 11-də Azərbaycana səfər edəcək.

Səfər zamanı E.Letta TAP qaz kəməri ilə bağlı məsələləri müzakirə edəcək və bu layihəni seçdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edəcək.Qeyd edək ki, E.Letta Azərbaycana səfər etmək barədə qərarını iyunun sonunda İtaliyada keçirdiyi mətbuat konfransında bəyan edib.

Qeyd edək ki, Azərbaycan "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. "Şahdəniz" konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar "EGL", "Statoil" və "E.ON Ruhrgas" şirkətləridir.

O.M.