Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi CARİCOM-un iclasında iştirak etmişdir

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi CARİCOM-un iclasında iştirak etmişdir

6 May 2011 09:36
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 4-5-də Sent Kitts və Nevisdə keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında iştirak etmişdir. İclasda çıxış edən A. Mehdiyev Azərbaycanın Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətini davam etdirdiyini bildirmiş, həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyini vurğulamışdır. Azərbaycan diplomatı çıxışında ölkəmizin inkişafı, əldə etdiyi nailiyyətlər və iqtisadi vəziyyəti barədə iclas iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, məqsədyönlü islahatların həyata keçirilməsi, milli inkişaf strategiyasının tətbiqi və davamlı iqtisadi siyasətin aparılması nəticəsində Azərbaycan dünyada iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınmışdır. Bununla yanaşı, səfir Azərbaycan xalqının ən ağrılı problemi olan, 20 ildən çox davam edən və beynəlxalq, regional sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı və onun nəticələri barədə geniş məlumat vermişdir. Səfər zamanı A. Mehdiyevin Antika və Barbudanın Baş naziri, CARİCOM-un baş katibi, CARİCOM-a hazırda sədrliyi həyata keçirən Qrenadanın xarici işlər naziri, Sent Kitts və Nevisin xarici işlər naziri və Trinidad və Tobaqonun xarici işlər naziri ilə ikitərəfli görüşləri olmuşdur. Görüşlər zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsi, əməkdaşlıq perspektivləri, mövcud potensialdan geniş istifadə və prioritet sahələrin müəyyən edilməsinin vacibliyi, beynəlxalq səviyyədə mövqelərin daha da yaxınlaşdırılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


Ermənistanla informasiya müharibəsində Azərbaycan yeni "yüksəkliklər" əldə edir...

Tofiq Əliyev

O.M.