Sırada kim var?

Sırada kim var?

20 Aprel 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Yaxın vaxtlarda daha bir neçə nazir “yola salınacaq”

"Təhsil naziri Misir Mərdanovun vəzifədən çıxarılması hakimiyyətdə yeni dönəmin başlanğıcıdır. Uzun müddətdən bəri hazırlanan dəyişikliklərin həyata keçirilməsinə start verilib. Bunun üçün gərgin seçkilər ilinin seçilməsi təsadüfi deyil". "Qafqazinfo" xəbər verir ki, hökumətdəki etibarlı mənbənin "Bizim Yol"a verdiyi məlumatda belə deyilir. Qaynağın bilgisinə görə, yaxın günlərdə daha bir neçə yüksək post tutan məmur istefaya göndəriləcək. Onların sırasında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov, Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev müdafiə naziri Səfər Əbiyevin adları var.
Mənbənin sözlərinə görə adları çəkilən məmurların əksəriyyətinin işdən çıxarılması üçün ictimai rəy çoxdan hazırdı. İsmayıllı üsyanına görə Fizuli Ələkbərovun qardaşı vəzifəsini itirsə də onun özünə güzəşt olmayacaq və hakimiyyətdən gedəcək. Nazirin rəhbərlik etdiyi sahədə rüşvət və korrupsiyanın tüğyan etməsi cəmiyyətdə bu sistemə qarşı kəskin narazılıq yaradıb. Korrupsiyaya qarşı Mübarizə İdarəsi F.Ələkbərovun ona yaxın işçsini həbs edib və onlar dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Orduda əsgər ölümləri, cəmiyyətdə buna qarşı təpkilər müdafiə naziri Səfər Əbiyevin karyerasını bitirmək üzrədir. Etibarlı mənbə bildirib ki, dövlət başçısı bu sahədə narazılıqları azaltmaq üçün naziri dəyişdirəcək, həmçinin ordu rəhbərliyində bir sıra islahatlar aparacaq.
Mənbə adları çəkilən başqa məmurların da vəzifədən çıxarılacağının səbəblərini açıqlayıb: "Onlar uzun müddətdir hakimiyyətdə təmsil olunurlar, rəhbərlik etdiyi sahələr bərbad vəziyyətdədir, kifayət qədər korrupsiyalaşıblar, əhali narazıdır eyni zamanda yaşlıdırlar. Bəzilərinin səhhətlərində ciddi problemlər var. Prezident Nazirlər Kabinetinin son toplantısında bəyan etdi ki, idarətetmədə gənclərə üstünlük verilməlidir, onlar irəli çəkilməlidir. Dövlət başçısı mesaj vermişdi ki, rəhbər vəzifələrə gənclərin irəli çəkilməsinə səy göstərəcək. Çoxillik nazirlərin vəzifədən çıxarılmasının əsas səbəbi budur".
Qaynaq başqa bir səbəb kimi hakimiyyət üçün çox gərgin keçəcək seçkiləri göstərdi. "İqtidara həm daxildən, həm xaricdən böyük təziyq var, cəmiyyət də kəskin narazıdır. Müxalifət fəallaşıb, onlara beynəlxalq diqqət artıb. Hakim komandanın içindəki narazılıqlar da təhlükəli hal almağa başlayıb. Ona görə də dövlət başçısı situasiyanı dəyişmək üçün ciddi addımlar atmağa məcburdur. Onun görəcəyi ilk iş isə təbii ki, korrupsiyalaşmış, əhalinin nifrət etdiyi məmurları vəzifədən kənarlaşdırmaqdır"-deyə qaynaq vurğulayıb.

O.M.