Prezident təməlqoyma mərasimində iştirak edib

Prezident təməlqoyma mərasimində iştirak edib

19 Aprel 2013 13:25
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda Su İdmanı Sarayı tikilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı sarayın tikintisində iştirak edəcək xarici mütəxəssislərlə də görüşüb. Gənclər və idman naziri Azad Rəhimov layihənin texniki göstəriciləri haqqında Azərbaycan Prezidentinə məlumat verib. Bildirilib ki, sarayın layihəçisi Koreya Respublikasının "Securo CO.LTD" şirkətidir. Bundan başqa, layihədə Azərbaycanın "DDLAR Group", İtaliyanın "Myrtha Pool", İspaniyanın "Pujol Arquitectura", Türkiyənin "Kadayfçıoğlu İnşaat" və "Başak İnşaat Sənaye Ticarət", Böyük Britaniyanın "AFL Architects" şirkətləri də iştirak edirlər.
Məlumat verilib ki, oval formada tikiləcək binanın ümumi sahəsi 45 min 929 kvadratmetr, tikili altı sahəsi 13,810 kvadratmetr, hündürlüyü isə 35,2 metr olacaq. Diqqətə çatdırılıb ki, 6028 tamaşaçı yeri olacaq sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcək.
Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb. Həmçinin qeyd olunub ki, sarayın ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət guşələri yaradılacaq. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcək.
Dövlət başçısı metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb. Daha sonra Prezident İlham Əliyev inşaatçıları təbrik edib, sarayın yüksək səviyyədə tikilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

O.M.