“Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan isə zəifləyir”

“Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan isə zəifləyir”

16 Aprel 2013 09:24
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident İlham Əliyev deyir!

"Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır, dünya miqyasında çox böyük hörmətə layiq olan ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır". Bunu Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident qeyd edib ki, ölkənin beynəlxalq təşkilatlarda fəaliyyəti çox təsirlidir: " Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcək".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan prezident bir daha qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb, heç vaxt olmayacaq: "Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir".
Prezident bildirib ki, Azərbaycan bundan sonra da özünün siyasi, iqtisadi, hərbi gücünü artıracaq: "Bu, bizim suveren hüququmuzdur". "Məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir" deyən prezident qeyd edib ki, bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür: "Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcək".
Prezident xatırladıb ki, Azərbaycan münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilib: "Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq, ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilib. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir".
Prezident "Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı" davos Forumunun məhz Bakıda keçirildiyini xatırladıb: "Beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıb. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir".

O.M.