Prezident və ailəsi şam yeməyində

Prezident və ailəsi şam yeməyində

9 Aprel 2013 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olub

Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə dövlət başçısına təşəkkür edib. O bildirib ki, prezident İ. Əliyevin rəhbərliyi altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə edib və bu uğurlar davamlı olacaq.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən Dünya İqtisadi Forumunda çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayıb. BP-nin Azərbaycanla 20 ildir, tərəfdaşlıq etdiyini vurğulayan Q. Birrell bu əməkdaşlığın səmərəli dialoq və qarşılıqlı etibar əsasında qurulması və ölkədə hökm sürən siyasi sabitlik nəticəsində bağlanan sazişlərdə indiyədək heç bir dəyişikliyin edilmədiyini diqqətə çatdırıb.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söyləyib.
York Hersoqu, şahzadə Endryu isə forumda müasir dövrün qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə telekommunikasiya və genişzolaqlı internetdən istifadə, həmçinin sahibkarlıq imkanlarının təşviqi məsələləri barədə aparılan fikir mübadiləsinin önəmini qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bugünkü müzakirələrin mərkəzində regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol infrastrukturuna və logistikaya investisiya qoyuluşu, həmçinin narkotiklərə və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məsələləri durub.
Azərbaycan prezidenti İlham Əliyev də tədbirdə çıxış edib. Dövlət başçısı forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğulayıb. Prezident bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından forumun önəmini xüsusi qeyd edib. Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan dövlət başçısı bildirib ki, 1993-cü ildə ölkəyə sərmayə qoyuluşu ilə bağlı dost dövlətlərə müraciət olunub və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft-qaz potensialından istifadə etməyə başlayıb. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilib. Prezident İ. Əliyev müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, bu gün isə bu rəqəmin 85 faizə çatdığını deyib. Dövlət başçısı BP və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışıb, əlavə edib ki, əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik olan ölkənin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur. Bütövlükdə bu layihələrin region ölkələri xalqlarının rifahına yönəldildiyini söyləyən prezident İ. Əliyev Azərbaycanın regional əlaqələrə üstünlük verdiyini bir daha vurğulayıb. Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan L. Bold deyib ki, bu sahədə Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Litvanın Baş naziri Alqirdas Butkeviçius forumda müzakirə olunan mövzuların aktuallığına toxunub. Forumda iştirak etməkdən şərəf duyduğunu deyən Litvanın Baş naziri bildirib ki, Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi edir. Tədbirin yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə prezident İ. Əliyevə minnətdarlıq edən Albaniyanın baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğulayıb. S. Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki mühüm rolundan da danışıb. Dünya İqtisadi Forumunun İdarə Heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirib ki, forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səslənib. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan B. Brende deyib ki, bu, prezident İ. Əliyevin siyasi liderliyi nəticəsində mümkün olub. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O.M.