Azərbaycanlı deputat Avronest Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilib

Azərbaycanlı deputat Avronest Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilib

4 May 2011 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 3-də Avropa Parlamentinin Brüsseldəki mənzil iqamətgahında Avronest Parlament Assambleyasının (PA) təsis yığıncağı keçirilmişdir. Oxumeni.az AzərTAc-a istinadən məlumat verir ki, yığıncaqda ölkəmizi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlarımız Elxan Süleymanov, Əli Hüseynli, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Azər Kərimli və Fuad Muradov təmsil etmişlər.

Yığıncağa sədrlik edən Avropa Parlamentinin sədri Yeji Buzek Avronest PA-nın yaradılmasının əsas məqsəd və vəzifələri barədə məlumat vermiş, qurumun Şərq tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlığından, quruma üzv ölkələrin Avropa dəyərlərinə inteqrasiyası istiqamətindəki fəaliyyətindən bəhs etmiş və təşkilata gələcək işində uğurlar diləmişdir.

Yığıncaqda təşkilati məsələlər də nəzərdən keçirilmişdir. Avronest PA-nın sədri və müavinlərinin, habelə qurumun büro üzvlərinin seçkisi keçirilmişdir. Azərbaycanlı deputat Elxan Süleymanov yekdilliklə Avronest PA sədrinin müavini və büro üzvü seçilmişdir. Eyni zamanda, E. Süleymanov Azərbaycanın Avronest PA-dakı deputat qrupunun rəhbəri vəzifəsinə seçilmişdir. Azərbaycan qurumda 10 deputat ilə təmsil olunacaqdır.

Yığıncaqda həmçinin Avronest PA-da dörd komitənin fəaliyyət göstərməsi qərara alınmışdır. Avronest Parlament Assambleyasına daxil olan Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistandan demokratiya və hüquqi məsələlər komitəsində 15, iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqının siyasəti ilə uyğunlaşma komitəsində 14, enerji təhlükəsizliyi məsələləri üzrə komitədə 14, sosial, təhsil, mədəniyyət vətəndaş cəmiyyəti məsələləri üzrə komitədə 14 üzv fəaliyyət göstərəcəkdir.

Avronest PA-nın təsis mərhələsində Azərbaycan nümayəndə heyətinin apardığı fəaliyyət nəticəsində Milli Məclisin deputatı Fuad Muradov enerji təhlükəsizliyi məsələləri üzrə komitənin sədri seçilmişdir.

Təsis yığıncağında iki işçi qrupunun yaradılması qərara alınmışdır. İlk işçi qrupu Belarusun Avronest PA-ya qoşulmasının perspektivlərinin araşdırılması ilə məşğul olacaqdır. Belə ki, Avronest ideyası irəli sürülərkən qurumun hazırkı beş üzv dövlətindən başqa Belarusun da namizədliyi irəli sürülmüşdür. Amma Belarusda keçirilmiş parlament seçkilərinin legitimliyi Avropa Parlamenti tərəfindən tanınmadığı üçün ölkə bu təşkilata qəbul edilməmişdir. Qayda və proseduralar üzrə fəaliyyət göstərəcək ikinci işçi qrupu Avronest Parlament Assambleyasındakı komitələrin fəaliyyətini tənzimləməklə məşğul olacaqdır.


Millət vəkilimizin Avropa millətlərinin də vəkili olması ölkəmizin Avroməkana inteqrasiyasından xəbər verir.

Tofiq Əliyev

O.M.