İsmayıllının yeni icra başçısı:“Mən bütün idarə, müəssisə rəhbərlərinə xalqın qarşısında xəbərdarlıq edirəm ki..."

İsmayıllının yeni icra başçısı:“Mən bütün idarə, müəssisə rəhbərlərinə xalqın qarşısında xəbərdarlıq edirəm ki..."

20 Fevral 2013 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən bütün idarə, müəssisə rəhbərlərinə xalqın qarşısında xəbərdarlıq edirəm ki, rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmurlar sərt şəkildə cəzalandırılacaq və işindən azad ediləcək".

Məlumata görə, bu fikirləri İsmayıllının yeni icra başçısı Mirdaməd Sadıqov ötən gün rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə bildirib. Prezidenit İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini deyən icra başçısı bununla bağlı ölkə başçısına söz verdiyini bildirib. M.Sadıqov görüşdə rayon ağsaqqallarının problemlərini dinləyərək şikayətləri ilə yaxından maraqlanıb. İcra başçısı İsmayıllıda iqtisadi inkişafa nail olmaq üçün yerli sahibkarlarla da məsləhətləşmələr aparıb. Yerli sakinlər keçmiş icra başçısı Nizami Ələkbərovun və onun kadrlarının insanlara reket kimi rəftar etdiyini və onların hamısının işdən azad olunmasını M.Sadıqovdan xahiş ediblər. Rayonda işsizliyin qismən aradan qaldırılması üçün mühüm işlərin görüləcəyini bildirən M.Sadıqov sahibkarların təkliflərini öyrənərək bu haqda ölkə prezidentinə məlumat verəcəyini deyib. Daha sonra icra başçısı İsmayıllıda Ağsaqqallar Şurasının yaradılacağını vurğulayıb.
Görüşdə ünvanlı sosial yardım alan sakinlər dövlət tərəfindən onlara ayrılan müavinətlərin vaxtlı-vaxtında verilməməsindən şikayət edərək, yardımların bir neçə ayının mənimsənildiyini icra başçısının diqqətinə çatdırıblar. Əhali İsmayıllı Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən narazılıq edib. Rayon sakinlərinin şikayətlərini dinləyən M.Sadıqov yerindəcə ƏƏSMM-in müdirinə xəbərdarlıq edərək belə halların bir daha təkrarlanmamasını tapşırıb.
Yerli sakinlər həmçinin M.Sadıqovdan məlum olaylarda həbs olunanların azadlığa buraxılması üçün onlara köməklik göstərməsini xahiş ediblər. İcra başçısı bu işdə əlindən gələn köməkliyi edəcəyinə söz verib. "Mən bu haqda əlimdən gələn köməkliyi edəcəyəm. Polis rəisinə tapşırıqlarımı vermişəm". Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İcra başçısı şəhid ailələri üçün yeni evlərin tikiləcəyini, qaz, su, işıq baxımından insanların problemlərlə üzləşməyəcəyini diqqətə çatdırıb. M.Sadıqov yaxın günlərdə kəndlərə də səfər edəcəyini vurğulayıb.

O.M.