İki gündən sonra ilk peykimiz fəzaya qalxacaq

İki gündən sonra ilk peykimiz fəzaya qalxacaq

5 Fevral 2013 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
Nazir: “Bu, 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək”

"Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldıracaq. İlk peykimiz olan "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan "Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək".

Məlumata görə, bunu yap.org.az-a müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, "İKT ili" çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, "Azərbaycanda evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur: "2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək".
Nazir onu da qeyd edib ki, bu ayın 27-28-də birinci "Yaponiya - Azərbaycan İKT forumu" keçiriləcək. "Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün də başlanacağını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur"-deyə, rabitə və informasiya texnologiyaları naziri əlavə edib.

O.M.