Azərbaycan hökuməti yeni dövlət qurumunun strukturu və əsasnaməsini təsdiqləyib

Azərbaycan hökuməti yeni dövlət qurumunun strukturu və əsasnaməsini təsdiqləyib

4 Fevral 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Nazirlər Kabineti ölkədə yeni yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturunu və əsasnaməsini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, Agentliyin strukturu Bakıda yerləşən mərkəzi aparatdan ibarətdir. Əsasnaməyə görə, Dövlət Agentliyi Azərbaycanda alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik adı çəkilən sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, bu sahənin inkişafını və infrastrukturunun yaradılmasını təmin edir, eləcə də sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır və norma yaratma fəaliyyətini həyata keçirir.

Agentlik ölkənin ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirir, bu sahədə istehsalın və istehlakın proqnoz göstəricilərini hazırlayır və dövlət nəzarətini həyata keçirir.

Bundan başqa, agentlik müvafiq sahəyə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlər hazırlayıb həyata keçirmək, eləcə də xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq müəyyənedici sənədlər verməklə məşğul olacaq. Əsasnaməyə görə, Agentliyin fəaliyyətinə dair məlumat bazası, Azərbaycanda mövcud alternativ və bərpa olunan enerji mənbələri haqqında məlumat bankı da yaradılacaq və agentlik onların yerli şəraitə uyğun səmərəli istifadəsinə imkan verən texnologiyaların tətbiqi üçün təkliflər hazırlayacaq.

O.M.