Postsovet məkanındayeni güc mərkəzi - Rusiya təhlükəsi türk dövlətlərini birləşdirir

Postsovet məkanındayeni güc mərkəzi - Rusiya təhlükəsi türk dövlətlərini birləşdirir

22 İyun 15:22
184
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin patronajlığı ilə yeni əməkdaşlıq platforması qurulur

Türk Dövlətləri Təşkilatı həm də siyasi və hərbi ittifaq kimi güclənə bilər

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana iki günlük dövlət səfəri hazırki mürəkkəb geosiyasi durumda mühüm əhəmiyyətə malikdir. Rusiyanın Ukraynaya təcavüzü ilə daha da gərginləşən beynəlxalq münasibətlər sistemində kiçik ölkələrin təhlükəsizlik qayğıları ön plana keçib. Təsadüfi deyil ki, bu günlərdə Bakıda keçirilən beynəlxalq forumda Azərbaycan lideri də bəyan etmişdi ki, o, hazırda ölkənin təhlükəsizlik məsələləri ilə məşğul olur.

Azərbaycan 44 günlük müharibədən sonra Cənubi Qafqazda və postsovet məkanında nüfuzunu kifayət qədər möhkəmləndirib. Xüsusən Türkiyə ilə müttəfqilik münasibətlərinin gücləndirilməsi onu cazibə mərkəzinə çevirib.

İndi Ankara və Bakı regionda təhlükəsizlik, iqtisadi əməkdaşlıq üzrə inteqrasiya layihələrinin mərkəzində dayanır. Azərbaycanla eyni qayğıları yaşayan Orta Asiya ölkələri də Türkiyənin patronajlığı ilə qurulan yeni əməkdaşlıq platformasında iştirak etməkdə maraqlıdır.

Ötən ay Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Ankaraya dövlət səfəri, mart ayında Prezident Rəcəb Tayyib Ərdoğanın Özbəkistanda təntənəli qarşılanması, rəsmilərin qarşırıqlı səfərlərinin artması, Türkiyə ilə hər iki ölkə arasında müdafiə, təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı imzalanan müqavilələr həm ikitərəfli əlaqələri, həm də Türk Dövlətləri Təşkilatı (TDT) daxilində müttəfiqliyi gücləndirir.

Türkiyə Prezidentinin səfərindən az sonra Azərbaycan liderinin də pandemiyadan sonra ilk dövlət səfərini Özbəkistana etməsi təsadüfi sayıla bilməz. Bu, Türk dövlətləri arasında hərtərəfli və möhkəm müttəfiqlik əlaqələrinin qurulmasından xəbər verir.

Azərbaycan və Özbəkistan fərqli regionda yerləşsələr də təxminən eyni xarici siyasət vektoruna və təhlükəsizlik prioritetlərinə malikdirlər.

Belə ki,

-hər iki ölkə hərbi-siyasi bloklara qoşulmur;

-Rusiya ilə ayrı-ayrılıqda müttəfiqlik bəyannaməsini imzalayıblar;

-öz regionlarında ən çox əhalisi olan ölkələrdir;

- öz bölgələrindəki ən çoxsaylı və güclü orduya sahibdirlər.

Bununla yanaşı ortaq maraqlar əməkdaşlıq üçün böyük potensial yaradır. Yaxın 3-5 ildə Azərbaycan və Özbəkistan regionlarında əsas tranzit ölkələrə çevriləcək. Azərbaycanın Özbəkistanla qarşılıqlı əlaqəsi Daşkəndin Qərblə, ilk növbədə Türkiyə ilə əlaqələrini inkişaf etdirmək üçün imkanlar açır. Azərbaycana isə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Çinlə əlaqələrinə dəstək verir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini postsovet məkanında Türkiyənin liderliyi ilə qurulan yeni təhlükəsizilik arxitekturasının da tamamlanması istiqamətində mühüm addım adlandırmaq olar. İndi TDT-nin bütün üzvləri arasında ikitərəfli hərbi əməkdaşlıq haqqında müqavilələr var. Bundan başqa iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiyalar, habelə humanitrar, mədəni əlaqələr bu təşkilatın vahid orqanizm kimi fəaliyyəti üçün təməl yaradıb. Qarşıdakı illərdə TDT-nin siyasi, hərbi, eyni zamanda iqtisadi güc mərkəzi kimi çıxış etməsi üçün bütün imkanlar var.

Bu, ilk növbədə güclü NATO ölkəsi olan Türkiyənin tarixi, dini, mədəni bağları olan postsovet məkanında güclənməsidir;

İkincisi, çökməkdə olan beynəlxalq münasibətlər sistemində Rusiya aqressiyasından qorunmaq üçün unikal birgə müdafiə və əməkdaşlıq modelidir;

Üçüncüsü, əhali resursları, iqtisadi və tranzit imkanları TDT-ni dünya iqtisadiyyatı üçün cazibə mərkəzinə çevirir və bu da sosial rifahın başlıca şərtlərindən biridir.

Proseslərin gedişi göstərir ki, Rusiya nəhəng imkanlarına rəğmən apardığı imperalist siyasətə görə bölgə dövlətləri üçün vahd iqtisadi, siyasi və təhlükəszilik məkanı ola bilmədi. Kremlin qurduğu inteqrasiya layihələri Ukraynaya qarşı aparılan təcavüzkar müharibə fonunda sürətlə çökür. Bu gün nə Avrasiya İqtisadi Birliyi, nə MDB, nə də KTMT bölgə ölkələri üçün yaxşı gələcək vəd etmir.

Əksinə, bu qurumlarda yer alan və almayan dövlətlər regionda digər güc mərkəzi - Türkiyənin liderliyi ilə özlərinə yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq müstəvisi qurmaqda maraqlıdırlar.

Azərbaycan bu prosesin ən aktiv iki iştirakçısından biridir. Kollketiv Qərbin sərt təzyiqləri altında getdikcə zəifləyən Rusiyanın hərbi-siyasi nəzarət imkanları məhdudlaşdıqca Ankara, Bakı və onun tərəfdaşları daha geniş və daha sıxş əməkdaşlıq modeli olan Türk Dövlətləri Təşkilatının həm də siyasi və hərbi ittifaq kimi güclənməsi üzərində çalışacaqlar. AzPolitika.info