Zəngəzur dəhlizi olacaq, ya olmayacaq? – “Özünüz görürsünüz, dəlixanadır...”

Zəngəzur dəhlizi olacaq, ya olmayacaq? – “Özünüz görürsünüz, dəlixanadır...”

6 May 2022 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları”nın cənub şöbəsinə icarəyə verilib. Faktiki olaraq Ermənistanda dəmir yollarının sahibi odur”.

Oxuməni.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Rusiya Ermənistana böyük sərmayə qoymayıb:

“Amma bu yaxınlarda yeni qatarlar alıblar və qatarlar İrəvan-Tbilisi marşrutu üzrə hərəkət edir”.

Zərdüşt Əlizadə əlavə edib:

“Yadınızdadırsa, Aİ Ermənistana 2.6 milyard avro həcmində iqtisadi yardım vəd etdi. Erməni tərəfi tələm-tələsik hesablama ilə Aİ-yə bildirib ki, 220 milyon avroya Mehridən dəmiryolu çəkəcəklər. Əslində, bütün iqtisadçılar deyir ki, o yolun bərpası olsa-olsa, 70-80 milyon avroya başa gələ bilər. Onlar isə 220 milyon avroda israr edirlər.

Hələlik tərəflər son variantda yolun statusuna dair razılığa gəlməyib. Rusiya istəyir ki, Mehri yolunda hansısa hüquqi bir status olsun ki, bu status da Rusiyaya Ermənistanı təsir altında saxlamaq üçün əlavə imkanlar yaratsın. Ermənistan isə bunu istəmir, deyir ki, yola nəzarət Rusiya sərhəd qoşunlarında olsa da, Ermənistanın tam mülkiyyətində olsun.

Azərbaycan üçün artıq həmin dəhlizin heç bir hüquqi statusu yoxdur. Çünki prinsipcə, İranla anlaşmışıq. Bizim üçün əsas odur ki, dəmiryolu olsun, qatarlarımız sərbəst hərəkət etsin”.

Siyasi şərhçinin fikrincə, Zəngəzur dəhlizi sanksiyalardan yan keçəcək:

“Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Prezident Əliyev İrəvandan tələb edir ki, dəmir yolunun Ermənistan ərazisinə keçən coğrafi nöqtəsi göstərilsin. Onlar da bunu göstərə bilmir, çünki ölkə daxilində vəziyyət stabil deyil, özünüz görürsünüz, dəlixanadır, müxalifət istefa tələb edir. Paşinyan da manipulyasiya ilə məşğuldur, prinsipcə, o, təklifə razıdır, çünki Ermənistanın iqtisadi gələcəyi bu yolun açılması ilə bağlıdır. Ermənistan mühasirədən çıxacaq, həm Türkiyəyə, həm İran, həm də ola bilsin ki, Qara dəniz limanlarına çıxa biləcək. Amma indiki şəraitdə Paşinyan qəti qərar verməkdən çəkinir, çünki müxalifət bunu milli xəyanət kimi qiymətləndirəcək”.

Mütəxəssis vurğulayıb ki, Rusiya dəmir yolunu çəkməyə və onu idarə etməyə hazırdır:

“Ermənistan da, prinsipcə, razıdır, amma hələlik qərar qəbul etməyib, Azərbaycan da hələ də səbirlə gözləyir. Azı bir ilə Mincivana qədər olan hissəni çəkəcəyik, yolun yarısı hazırdır.

İndiki şəraitdə Ermənistanın Zəngəzur dəhlizinə razı olmaması onun Rusiyaya qarşı sanksiyalara qoşulması demək deyil. Çünki Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı sanksiyalar qəbul olmazdan əvvəl də Ermənistan çalışırdı ki, Zəngəzur dəhlizinin əlavə statusu olmasın.

Zaman keçdikcə, ağrılar, incikliklər unudulduqca, iqtisadi mənfəət əsas yerini tutacaq və Azərbaycan və Ermənistan öz aralarında həmin yolun taleyini müəyyənləşdirəcək”.