Revanşistlər Ermənistanı uçuruma sürükləyirlər və təhdidlərə görə Azərbaycandan sərt cavab alacaqlar

Revanşistlər Ermənistanı uçuruma sürükləyirlər və təhdidlərə görə Azərbaycandan sərt cavab alacaqlar

6 May 12:38
85
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistandakı revanşist qüvvələr bu ölkənin Azərbaycanla sülh müqaviləsi imzalamasına hər vəchlə menə olmağa çalışırlar. Hazırda Ermənistanda davam edən aksiyalarda revanşistlərə rəhbərlik edənlərin özləri də açıqlayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalanmamalıdır. Eyni zamanda Türkiyə ilə münasibətlərin bərpasına yol verilməməlidir - kimi şüarlarla çıxışlar edilir. Məqsədləri də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mümkün qədər mane olmaqdan ibarətdir.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov teleqraf.com-a deyib.

O qeyd edib ki, Ermənistandakı aksiyalarda səslənən şüarlar və bunun nəticələrindən yaranan şərait onlara heç bir fayda verməyəcək:

“Revanşist qüvvələr Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil. Əslində bununla onlar ilk növbədə öz dövlətçiliklərinə zərbə vurmuş olurlar. Sözsüz ki, bu gün Ermənistanda olan revanşistlərə həm daxildən, həm də xaricdən müəyyən qüvvələr və dövlətlər dəstək verməyə çalışır. Məhz bu dəstəyin fonunda Ermənistanda revanşistlər meydana çıxaraq hökumət əleyhinə etimadsızlıq çağırışları edirlər”.

Komitə sədrinə görə, Ermənistan müxalifətinə və revanşistlərə kənardan dəstək verənlər prosesi çıxılmaz duruma salmaqla özlərinə də zərbə vururlar:

“Çünki Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün 5 müddəadan ibarət təklif irəli sürüb. Bu prinsiplərdən ən vacibi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, o zaman Azərbaycan da eyni mövqedən çıxış edəcək. Bu da o deməkdir ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bunun da hansı nəticələrə səbəb olacağını qarşı tərəf yaxşı başa düşməlidir. Çünki bu cür hallar ümumilikdə Ermənistanın xeyrinə deyil”.

Ziyafət Əsgərov deyib ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 müddəadan ibarət olan prinsiplərindən biri də məhz ölkələr arasında kommunikasiyaların açılmasını özündə ehtiva edir:

“Ermənistan açılması mümkün olan nəqliyyat və kommunikasiyalardan fayda götürə bilər. Amma görünən odur ki, Ermənistandakı revanşist qüvvələr bu imkanlardan da ölkələrini məhrum etmək istəyirlər. Onsuz da ağır və çıxılmaz durumda qalan Ermənistan bununla da daha ağır duruma düşə bilər”.