Kremlin əsl düşmənləri ölkə daxilindədir: Rəsmi “propoqandistlər”in təhdidləri Rusiyanı təkləyir

Kremlin əsl düşmənləri ölkə daxilindədir: Rəsmi “propoqandistlər”in təhdidləri Rusiyanı təkləyir

30 Aprel 00:42
36
Bəyəndim (0) Bəyənmədim (0)

Kremlin “propoqanda mərkəzləri” hətta ən yaxın müttəfiqləri və tərəfdaşları belə, Rusiyadan narazı salaraq, uzaqlaşdırır; Bu nəhəng dövlətin büdcəsindən maliyyələşən “propoqandistlər”in III dünya savaşı, nüvə zərbəsi ilə bağlı təhdidləri, bütün MDB ölkələrini Ukrayna örnəyi ilə hədələmələri Rusiyanın özünə düşmənçilik xarakteri daşıyır...

Ukrayna savaşı hər iki iştirakçı tərəfi yalnız iqtisadi deyil, həm də maliyyə-iqtisadi cəhətdən zəiflədir. Qərb ekspertlərinin hesablamalarına görə, hazırda Ukrayna iqtisadiyyatı 60-70 faiz səviyyəsində öz funksionallığını qoruya bilir. Əgər, ABŞ və Qərbin intensiv maliyyə yardımları olmazsa, Ukrayna tamamilə çökə bilər.

Əslində, Rusiyanın da vəziyyəti Ukraynadan müsbət mənada, fərqlənmir. Rusiya iqtisadiyyatı da beynəlxalq sanksiyalar ucbatından ağır zərbələr almaqdadır. Üstəlik, Ukrayna savaşı ucbatından artan hərbi xərclər də Rusiya dövlət büdcəsini boşaldır. Rusiyanın beynəlxalq maliyyə hesablarının qapadılması isə Kremli valyuta ehtiyatlarından yararlanmaq imkanlarından da məhrum edir.

Təbii ki, bu baxımdan, Rusiya Hesablama Palatasının rəhbəri Kudrinin ölkənin mövcud vəziyyəti ilə bağlı açıqlaması böyük maraq doğurur. Belə ki, o, Rusiyanın yaxın 2-3 il ərzində olduqca ağır situasiyada yaşamaq məcburiyyətində qalacağını vurğulayıb. Və hazırda ciddi senzura şəraitində olan Rusiyada bir dövlət məmurunun belə açıqlaması Kremlin olduqca ağır durumda olduğunu təxmin etməyə imkan verir.

Belə anlaşılır ki, Kreml yaxın aylarda Rusiya ordusunun Ukrayna savaşında iştirakını maliyyələşdirməkdə çətinlik çəkə bilər. Ona görə də, Rusiyanın Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxması bu dövlətin funksiollığının qorunması baxımından, artıq taleyüklü məsələyə çevrilməyə başlayıb. Əks halda, bu ilin sonlarına doğru Rusiya ciddi maliyyə-iqtisadi böhranla və siyasi-ictimai xaosla üzləşə bilər.

Təbii ki, Kremlin ağır vəziyyətdə olduğunu Rusiya rəsmilərinin son açıqlamaları da təsdiqləyir. Çünki son vaxtlar Rusiya rəsmiləri beynəlxalq rəqibləri həm hədələyirlər, həm də onların davranışlarından şikayətlənirlər. Hər halda, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Bəşəriyyətin BMT nizamnaməsinə uyğun şəkildə yaşayıb-yaşamayacağının qərarlaşdırılmalı olduğu mərhələdəyik” deməsi Kremlin kəskin ziddiyyətlər içərisində olduğunu göstərir.

Məsələ ondadır ki, Kremldə hesab edirlər ki, ABŞ və Qərb Rusiyaya qarşı davranışları ilə BMT nizamnaməsini kobud şəkildə pozur. Halbuki Kremldə nəzərə almaq istəmirlər ki, Rusiyanın suveren bir dövlətə - Ukraynaya qarşı müharibəyə başlaması da BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Yəni, Kreml Rusiyaya qarşı atılan addımlardan şikayətlənir, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu iddia edir. Ancaq Rusiyanın hərbi təcavüzkarlığını bu kateqoriyaya aid etmir.

Digər tərəfdən, Kreml Ukrayna savaşında nəyin bahasına olursa-olsun, qalib gəlməyə can atdığını da qətiyyən gizlətmir. Rusiya xarici işlər naziri S.Lavrov bütün dünyanı nüvə müharibəsi ilə də şantaj etməyə çalışır. NATO-nu Ukraynaya müasir silahlar göndərməklə, “proxsy war” modeli üzrə Rusiya ilə müharibə aparmaqda suçlayır. Və bütün bunların III dünya savaşına səbəb olacağını iddia edir.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Əslində, Kremlin ən böyük səhvlərindən biri də məhz Rusiyanın hədələyici üslubundan geri çəkilmək istəməməsidir. Çünki, Kreml beynəlxalq rəqiblər, düşmənləri və qonşuları ilə dialoq aparmaq əvəzinə, Rusiyanın yanında yer almayan bütün dövlətləri yalnız təhdid edir. Və nə qədər qəribə də olsa, Rusiyanın rəsmi “propoqanda mərkəzləri” də məhz bu metoda sadiq qalmaqda davam edirlər.

Maraqlıdır ki, Kremlin “propoqanda mərkəzləri” olduqca yanlış şəxslərə etibar edilib. Ona görə də, Kremlin “propoqanda mərkəzləri” hazırda Rusiyaya dost, müttəfiq deyil, yalnız rəqib, düşmən qazanmaqda davam edirlər. Marqarita Simonyan-Vladimir Solovyov cütlüyü ətrafında formalaşdırılmış Kremlin “propoqanda mərkəzləri” hazırda Rusiyaya və onun imicini ağır zərbələr vururlar. Hətta indi Rusiyanın ən əsas düşmənləri rolunda məhz Kremlin “propoqanda mərkəzləri”nın çıxış etdiyi də inkaredilməz realıqdır.

Məsələn, V.Solovyovun moderatoru olduğu teleproqramda Marqarita Simonyan Rusiyanın nüvə müharibəsinə başlamasının vaxtının çatdığını iddia edib. Bu erməni qadının fikrincə, əgər, Rusiya Ukrayna savaşında məğlub ediləcəksə, dünyanın mövcud olmasına da qətiyyən ehtiyac yoxdur. Belə rəsmi propoqanda aparan bir dövlətə heç bir ölkə etibar etməz, onunla tərəfdaşlığa həvəs göstərməz.

Kremlin “propoqanda mərkəzləri” hətta ən yaxın müttəfiqləri və tərəfdaşları belə, Rusiyadan uzaqlaşdırırlar. Marqarita Simonyanın əri Tiqran Keosayan Qazaxıstanı 9 may paradını ləğv etdiyinə görə nankorluqda ittiham edib və Ukraynanı örnək göstərərək, müharibə ilə hədələyib. Qazaxıstanın rəsmi dairələrinin isə Rusiyanın erməni mənşəli propoqandistinə cavabı gecikməyib. T.Keosayana məsləhət görüblər ki, əgər, ona 9 may paradı keçirtmək lazımdırsa, gedib, Ermənistan paytaxtı İrəvanda Hitlerin əlaltısı olmuş faşist Qaregin Njdeyə ucaldılmış abidənin önündə keçirə bilər.

Göründüyü kimi, Qazaxıstanda Kremlin “propoqanda mərkəzləri”nin təmsilçiləri Rusiyaya qarşı ciddi narazılıq yaratmağa nail olublar. Ən əsasısa, Qazaxıstanın narazılığını Orta Asiya ölkələrinin hamısı bölüşür. Bu baxımdan, düşünülməmiş, lovğa və artıq zamanı çoxdan ötmüş hədələyici məzmun daşıyan propoqanda modeli MDB ölkələrini Rusiyadan daha çox uzaqlaşdırır. Və indi Rusiyanın ən böyük düşmənləri də elə məhz Kremlin “propoqanda mərkəzləri”nin təmsilçiləridir.

Digər tərəfdən, Rusiyanın yeganə müttəfiqi rolunda çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko da “odun üstünə yağ tökür”. O, bildirib ki, Belarus və Rusiya yeni prinsiplər əsasında vahid ittifaq dövləti qurmağa çalışır: “Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bura qoşulacaqlar”.

Təbii ki, indi Belarus prezidentindən niyə belə əmin olmasının səbəbini də soruşmaq olar. Ancaq “Batka” hələ də keçmiş SSRİ-nin həsrəti ilə yaşadığından yəqin ki, dövrün necə sürətlə dəyişdiyinin də fərqində deyil. Ona görə də, belə açıqlamalarla postsovet məkanına aid müstəqil dövlətləri Rusiyadan daha da uzaqlaşdırdığını hesablamaqda çətinlik çəkirYeni Müsavat”