“Rusiya  bu addımı ilə Qazaxıstanı itirdi” – “Proseslər anti-Rusiya xarakteri alacaq”

“Rusiya bu addımı ilə Qazaxıstanı itirdi” – “Proseslər anti-Rusiya xarakteri alacaq”

12 Yanvar 2022 00:11
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva MDB ölkələrində “rəngli inqilabların” qarşısını almaq metodlarını işləyir. Bunun üçün postsovet ölkələrinə təlimatlar göndərir. Xüsusi xidmət orqanlarının kanalları ilə operativ əlaqəni davamlı olaraq saxlayırlar”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Qazaxıstanda baş verən hadisələrə Rusiyanın müdaxiləsini “sherg.az” saytına dəyərləndirərkən dilə gətirib. O, qeyd edib ki, bütün avtoritar rejimlər və onların başında duran Rusiya xalqların meydanlara çıxmasına, hakimiyyətlərin demokratik seçki tələbləri ilə dəyişdirilməsinə qarşıdır.

"Ona görə də hamısı bunun üçün səfərbər olunub. Belə etirazlar yubanmadan, dərhal demokratiya işartıları kimi nəzərə alınır və elə rüşeym halındaca məhv edilir”, - partiya sədri əlavə edib.

Qazaxıstanda baş verən hadisələrin gerçək səbəbləri barədə suala cavabında S.Əkbər bildirib ki, ölkədə yaranmış vəziyyət tam aydınlaşmayıb: "Proseslərlə bağlı məlumatlar dəqiq deyil. Ona görə də hadisə barədə konkret nəsə söyləmək erkəndir. Bir neçə gündən sonra Qazaxıstanda gerçəkdə nələrin baş verdiyi haqda daha dəqiq fikir söyləmək olar. İlkin fikir, rəy odur ki, Qazaxıstanda etiraz hərəkatı iki yerə ayrılmalıdır.

Birincisi, Qazaxıstanın qərbində başlayan və dinc tələblərin irəli sürülməsi ilə davam edən aksiyalardır.

İkincisi isə, Almatıdakı etirazların geniş miqyas alaraq bütün ölkə ərazisinə yayılmasından sonra rejimin və onların arxasında duran Rusiyanın məqsədyönlü şəkildə cəmiyyətdə provokativ addımlara əl atmasıdır. Sonradan meydana çıxan təxribatçı davranışlar etiraz aksiyasını gözdən salmağa, dinc əhalinin gözünü qorxutmağa hesablanmışdı. Ən başlıcası isə xarici müdaxilənin “legitimləşdirilməsi” ilə KTMT-nin Qazaxıstana girişinə imkan yaratmaq qarşıya məqsəd qoyulmuşdu".

Sülhəddin Əkbərin sözlərinə gpörə, Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin əsaslandırılması üçün “beynəlxalq terror təhdidindən” danışmaq vacib idi.

"Guya ölkəyə Qərbdən, yaxud başqa yerdən xarici müdaxilə olduğuna görə KTMT nizamnaməsinin 4-cü bəndi tətbiq olunub. Üstəlik, Qazaxıstan Prezidentinin də müraciəti əsas götürülüb. Bu “legitimliyi” haqlı olaraq şübhə altına alanlar Qazaxıstan Prezidentinin belə bir səlahiyyətinin olmadığını deyirlər. Çünki bunun üçün, yəni xarici qoşunların ölkəyə daxil olması üçün parlamentin təsdiqi mütləqdir. Amma Tokayev rejimi və arxasında duran Rusiya heç nəyə məhəl qoymadan bu cür addımlar atırlar. 20 Yanvarı görmüş Azərbaycan xalqı üçün Qazaxıstandakı mənzərə kifayət qədər aydındır", - partiya sədri vurğulayıb.

"Türk Dövlətləri Təşkilatının ən önəmli üzvü - Qazaxıstan itirildimi? Rusiya öz məqsədinə çatdımı" sualını S.Əkbər belə cavablandırıb: "Çoxları düşünür ki, Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirdi. Mən tam tərsini düşünürəm. Əksinə, Rusiya bu addımı ilə Qazaxıstan xalqını itirdi. Necə ki, 20 Yanvardan sonra Azərbaycanda xalq hərəkatı, milli azadlıq hərəkatı geniş vüsət aldı, bundan sonra Qazaxıstandakı proseslər anti-Rusiya xarakteri alacaq. Qazaxıstanda da həqiqi milli azadlıq və demokratik hərəkatın formalaşmasını müşahidə edəcəyik".