General Muradovun erməni diversantlar “sevgisi”

General Muradovun erməni diversantlar “sevgisi”

31 Dekabr 2021 12:26
Bəyəndim (1) Bəyənmədim (0)

Hərbi ekspert: “Separatçını “sülhməramlıların” rəhbəri ilə nə bağlıya bilər?!”

“Hazırda Ermənistanda azərbaycanlı hərbi əsir yoxdur, onların hamısı qaytarılıb. Erməni hərbi əsirlərinin qaytarılması işi də tam bağlanmalıdır və hesab edirəm ki, Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”.

Oxuməni.az xəbər verir ki, bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş başçısı general Rüstəm Muradov Rusiya mətbuatına açıqlamasında deyib.

Ötən 1 illik fəaliyyəti ilə daha çox ermənilərin mənafeyinə xidmət edən rus generalının bu açıqlaması onun Azərbaycana qarşı ədalətsiz davranışının növbəti təzahürüdür. O, bu açıqlaması ilə həm də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları növbəti dəfə heçə sayıb. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, 44 günlük müharibə dövründə əsir götürdüyü ermənilərin hamısını geri qaytarıb. Müharibədən sonra Qarabağda diversiya əməliyyatları həyata keçirən, eləcə də sərhədlərimizi bilərəkdən pozaraq təxribat törədən erməni quldur dəstələri isə hərbi əsir hesab edilmir.

Bununla belə, Rüstəm Muradov ötən il Rusiyanın təşəbbüsü ilə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsinə dair əldə olunmuş razılığı xatırladaraq, hazırda Azərbaycanda saxlanılan erməni terrorçuların da azad olunmasına çalışacaqlarını söyləyib. Halbuki Azərbaycan tərəfi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirib. Belə ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə İrəvana təhvil verilib. Hətta cəmi bir ay əvvəl Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı ələ keçirilmiş 10 erməni hərbçi də bu yaxınlarda Avropa İttifaqının vasitəçiliyi ilə geri qaytarılıb. Bundan bir ay əvvəl Azərbaycan hökuməti 5 erməni diversantı da təhvil vermişdi. General Rüstəm Muradov bununla əlaqədar xüsusi missiya ilə Bakıya gələrək, diversantların geri qaytarılması işində şəxsən iştirak etmişdi.

Bəs, Rusiya, konkret olaraq sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov Azərbaycanda saxlanılan erməni terrorçularının azad olunmasında niyə bu qədər maraqlıdır?

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, general Rüstəm Muradov bu gün etdiklərinə görə illər sonra böyük utanc çəkəcək: “Ona görə ki, bu boyda vəzifə sahibi və sinəsində Rusiyanın qəhrəmanı döş nişanını gəzdirən şəxs belə cılız, belə primitiv işlərlə məşğul olmamalıdır. Onun hərəkətləri şəxsən məndə çox böyük ikrah hissi və gülünc doğurur. Hələ sülhyaratma missiyalarının taixində belə bərbad və rüsvayçı missiya olmamışdı. Və yəqin ki, heç vaxt da olmayacaq. Rüstəm Muradov erməni dost-tanışları ilə erməni terroristlərinin Azərbaycandan geri alınması müqabilində hansı maddi maraqlarını təmin etməsi bir müddət sonra bəlli olacaq. Heç zərrə qədər şübhəm yoxdur ki, bu adamın adı çox böyük qalmaqallarda hallanacaq. Sadəcə ermənilərə hələ ki onun “cənfəşanlığı” çox lazımdır və vacibdir. Rüstəm Muradovun əyyaş, sərxoş əsgər və zabitlərinin erməni qadınlara qarşı 344-dən artıq cinayət tərkibli zorlama, zorakılıq, digər əməlləri haqqında erməni nəşrləri dəfələrlə yazıblar. Bu mövzu hələ də müzakirə olunur. Təkcə bu rəzalətə görə, Rüstəm Muradov nə vaxtsa cəzasını alacaq. Onun “sülhməramlılarının” Norayr Mirzoyan adlı erməni terrorçu-gədəsini sakitcə geri qaytarması tarxidə ən biabırçı bir hadisə kimi qalacaq. Bu həmin erməni yaramazı idi ki, bizim Azərbaycan əsgərlərinin üzərinə Şuşanın Daşaltı kəndi ərazisində qumbara atmışdı. Rüstəm Muradovun separatçı Arayik Arutyunyanla necə sıx dostluq etməsi isə bir başqa mövzunun söhbətidir. Separatçını “sülhməramlıların” rəhbəri ilə nə bağlıya bilər?!

Əlbəttə ki, onların ümumi məqsədləri bəllidir. Rəsmi Moskvanın pozuculuq tapşırıqlarını canla-başla yerinə yetriməkdir. Çox misallar çəkə bilərəm. Amma, Azərbaycan tərəfi olaraq biz də bu generalın əməllərini diqqətdən kənarda saxlamamlıyıq”.

Hərbi ekspert hesab edir ki, Rüstəm Muradovun özünü bəzi məsələrdə yekəxana aparmasının müəyyən mənada günahkarları da biz özümüzük: “Biz ona xeyli şərait yaratdıq ki, o general kimi deyil, az qala 90-cı illərdə ermənilərin meyit və əsir alverçisi kimi “həftə səkkiz, mən doqquz” Bakıya gəlib burada ermənilərin xahişini etsin. Bu adam Rüsiya sülhməramlıların tarixində çox pis və mənfi reputasiya ilə yaddaşlarda qalacaq”.