Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq istəmir

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq istəmir

7 Dekabr 2021 09:48
92
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk qrupu həmsədrləri köhnə heyətdə (Rusiya, ABŞ, Fransa) yenidən fəaliyyətə başlamaq niyyətindədir. Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməyə başlayandan sonra bu quruma və onun təmsilçilərinə ehtiyac qalmamışdı. Fəqət Minsk Qrupu hər fürsətdən yararlanmaqla, hətta Azərbaycanı şantaj, Türkiyəni təhdid edərək yenidən dövriyyəyə girmək istəyir.

Oxuməni.az xəbər verir ki, Minsk Qrupunun yenidən fəallaşmasının nə demək olduğu hər kəsə məlumdur. Onlar fəaliyyətdə olduqları müddətdə faktiki Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməyə çalışırdılar. Azərbaycan buna imkan vermədi. Vətən savaşı başladıb, işğalçıları ərazilərimizdən qovdu, onların himayədarlarını isə siyasət qəbiristanlığına gömdü. Bəs bu yenidən xortlamaq istəyinin arxasında dayanan bəd niyyət nədir? Azərbaycan sona qədər dirəşib, bu mənfur üçlünü geri oturda biləcəkmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq istəmir, Zəngəzur dəhlizi ilə bağlı da öhdəliyini yerinə yetirməkdən yayınır, ümumiyyətlə, sülh sazişinə aparan prosesi pozmağa çalışır. Ermənistan düşünür ki, bu istəyinin reallaşmasında Minsk Qrupu onların köməyinə çata bilər: “Nə zaman danışıqlar olacaqsa danışıqlar ərəfəsində Ermənistan tərəfindən təxribatçı addımlar atılır. Biz bunu 26 noyabr Soçi görüşü ərəfəsində də gördük. Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan parlamentinin nümayəndə heyətinin Azərbaycan ərazisi olan Qarabağa qanunsuz səfəri həyata keçirildi və nazirlərin görüşü bu səbəbdən baş tutmadı. Bir sözlə, hər dəfə ermənilər bir təxribatçı hərəkətlər edirlər, sülhə gedən yola maneələr yaratmaqla məşğuldurlar. Ermənistan Soçi görüşünə məcburən getdi. Nikol Paşinyanı Soçiyə gəlməyə Vladimir Putin məcbur etdi və sərhədlərin demarkasiyası, delimitasiyası ilə bağlı danışıqlara başlamaq, kommunikasiyaların açılması və digər istiqamətlər üzrə razılaşmalara Ermənistan baş naziri faktiki olaraq məcburi olaraq razılığını Soçidə ifadə elədi. Artıq baş verənlər göstərir ki, Ermənistan Rusiyadan tam narazıdır. Rusiya imzalanmış üçtərəfli bəyanata uyğun addımların atılmasını tələb edir. Ermənistan isə bundan incik düşür və ölüyə çevrilmiş Minsk Qrupunu diriltməyə çalışır. Paşinyan bütün gücü ilə çalışır ki, Minsk Qrupu prosesə cəlb edilsin və hətta sərhədlərin müəyyənləşməsində də bu ölüyə çevrilən Minsk Qrupu iştirak eləsin. Ermənistan bunun üçün sərsəm iddialar, təkliflər verir”.

Ç.Qənizadə qeyd etdi ki, Azərbaycan dövləti və xalqı Minsk Qrupunun fəaliyyətsizliyini 28 il ərzində gördü. 28 il status-kvonu saxlamaqla Minsk Qrupu Azərbaycanı Dağlıq Qarabağdan uzaqlaşdırmağa, bütövlükdə işğal olunmuş rayonların ermənilərin əlində qalmasına çalışdı. Artıq Azərbaycan bu uğursuz formatı qəbul etmir. İkincisi, Qarabağ münaqişəsi artıq yoxdur: “Minsk Qrupunun həmsədrləri işğalçılarla müttəfiq, dostluq münasibətlərində idilər. Hətta həmsədrlərin işğalçılarla şərab məclisləri, kef məclisləri qurduğu görüntüləri yayılmışdı. Odur ki, Minsk Qrupunu bundan sonra Azərbaycan qətiyyən qəbul edə bilməz. Azərbaycan onları qəbul etməyəcək. Əgər Minsk Qrupu 10 noyabr üçtərəfli bəyanatının bəndlərinin tam olaraq həyata keçməsi üçün real əməli addım atarsa, Azərbaycan onları qəbul edər. Amma onlar yenə də separatçılığa dəstək mövqeyindən çəkinməyəcəksə, ”status" məsələsini yenə də ortalığa atacaqlarsa, təbii ki, Azərbaycan onları yaxına buraxmayacaq.

Bölgədə sülhə xidmət etməyən ölü bir Minsk Qrupu adlanan formatın yenidən dirçəlməsinə, bölgəyə aktiv girişinə, məncə, Rusiya da imkan verməyəcək. Çünki Rusiya Minsk Qrupu maskası altında ABŞ-ın və Fransanın bölgəyə aktiv daxil olmasına, proseslərə müdaxilə etməsinə razı olmayacaq. Buna Azərbaycanın müttəfiqi Türkiyə də razı deyil və Azərbaycanı bu məsələdə sonadək müdafiə edəcək".Yeni Müsavat