DSX-nın cavab verməli olduğu suallar – Təmirdən təhlükəsizliyədək...

DSX-nın cavab verməli olduğu suallar – Təmirdən təhlükəsizliyədək...

1 Dekabr 2021 15:36
83
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ17 hərbi-nəqliyyat helikopterinin Qaraheybət poliqonunda qəzaya uğraması nəticəsində 14 zabitimiz həlak oldu, 2-si isə yaralandı. Bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin ən böyük itkisidir. Cəmiyyətimiz bu itkidən sarsılmış vəziyyətdədir.

Qəza zamanı helikopterin bortundakı zabitlərdən ikisinin sağ qalmasına, həmçinin çoxlu sayda şahidlərin olmasına baxmayaraq, qəzanın səbəbləri naməlumdur.

Qəzadan sağ çıxmış polkovnik-leytenan Emin Cəfərov və kapitan Ramin Ədilov bildiriblər ki, qəza anidən baş verib, helikopter eniş anında qəfildən hündürlüyü itirməyə başlayıb və yerə çırpılıb. Pilotlar kifayət qədər peşəkar olublar, helikopter isə bu yaxınlarda təmirdən çıxıb. Elə isə, sual olunur: Hər şey qaydasında olubsa, qəza niyə baş verib?

Bu suala yəqin ki, istintaq nəticəsində, o cümlədən “qara qutu”nun oxunmasından sonra aydınlıq gətiriləcək.

Lakin DSX rəhbərliyinin istintaqın nəticəsini gözləmədən aydınlıq gətirməli olduğu vacib məsələlər var.

Əvvəla, xalqa izahat verilməlidir ki, niyə qəza ilə bağlı detallı məlumat saatlarla yubandı. Rəsmi məlumata görə, qəza saat 10:40-da baş verib.

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq təxminən saat yarım sonra – 12:00 radələrində bu barədə qısa açıqlama verdilər. Növbəti rəsmi açıqlama isə təxminən 5 saat sonra, 16:00 radələrində oldu - DSX rəisinin müavini İlham Mehdiyev jurnalistlərin qarşısına çıxaraq bildirdi ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bundan təxminən 2 saat sonra isə DSX rəisi Elçin Quliyev brifinq keçirdi.

Bu müddətdə nə baş verdi: Sosial şəbəkələrdə və bəzi saytlarda həlak olan zabitlərin siyahısı yayıldı, ən müxtəlif versiyalar irəli sürüldü, hətta hadisə planlı qəsd kimi təqdim olunaraq, Azərbaycan dövlətinin təhlükəsizlik sistemində boşluğun olduğu görüntüsünün yaradılmasına cəhd olundu. 5 saat ərzində qəza ilə bağlı ən elementar məlumatların – helikopterin hardan havalandığı, hansı şəraitdə qəza keçirdiyi, bu zaman kənar müdaxilənin olub-olmadığı, neçə nəfərin həlak olduğu və sairə haqqında məlumatların gizlədilməsi şayiələrə, şübhə və ittihamlara geniş meydan verdi. Bir sıra xarici KİV-lər, o cümlədən erməni saytları operativlik məsələsində Azərbaycan KİV-lərindən önə düşdü ki, bir zərbə də ölkənin informasiya təhlükəsizliyinə vuruldu.

Beləliklə, DSX aydınlıq gətirməlidir: rəsmi məlumatların bu qədər gecikdirilməsində məqsəd nə idi?

İkincisi, helikopterlərin havaya qalxdığı Səngəçal aerodromu ilə Qaraheybət poliqonu arasındakı məsafə avtomobil yolu ilə cəmi 40-50 dəqiqəlik yol olduğu halda, bu qədər yüksək rütbəli zabitin bir helikopterə mindirilməsi təhlükəsizlik təlimatları baxımından nə dərəcədə doğru idi?

Üçüncüsü, küləkli hava şəraitinə görə təhlükəsizlik tədbirləri niyə artırılmamışdı? Qəzadan sağ çıxan polkovnik-leytenant da bildirir ki, uçuş anında hava nisbətən sabit olsa da, günortadan sonra – yəni hərbi təlimlərin aparılacağı saatlarda Qaraheybət poliqonu rayonunda güclü külək gözlənilirdi. DSX aydınlıq gətirməlidir, hava faktoru niyə nəzərə alınmayıb? Bu zaman təlimat pozulubmu?

Dördüncüsü, DSX rəisi Elçin Quliyev brifinqdə bildirdi ki, qəzaya uğrayan helikopter “təzə kimi bir şey idi, yenicə təmirdən qayıtmışdı”. Aydınlıq gətirilməlidir: Yenicə təmirdən qayıdan, etibarlılığı hələ tam sınaqdan çıxmamış, yəni təmir zamanı hansısa xətaya yol verilməsi ehtimalı aradan qalxmamış, 16 yüksək rütbəli zabit bir helikopterə niyə mindirilirdi?

Nəhayət, qəzaya uğrayan helikopter nə zaman və harda təmir olunub, onda təmir zamanı qəsdən nasazlıq yaradılması ehtimalı varmı? Təmirdən sonra bu helikopter neçə saat uçuşda olub?

Bütün ilkin əlamətlər, o cümlədən DSX rəisinin açıqlamaları ondan xəbər verir ki, helikopter bir qədər ağır hava şəraitində texniki nasazlıq ucbatından qəzaya uğrayıb. Bu səbəbdən DSX, yuxarıda sadaladığımız suallarla yanaşı helikopterin təmiri ilə bağlı bütün məlumatları da cəmiyyətə açıqlamalıdır.

Allah şəhidlərimizə rəhmət eləsin! “AzPolitika”