“Bu o deməkdir ki, “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar”

“Bu o deməkdir ki, “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar”

28 Noyabr 2021 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimr Putinin noyabrın 26-da baş tutan Soçi görüşünün nəticəsi olaraq imzaladıqları birgə Bəyanat dövlətimizin başçısının növbəti diplomatik uğurudur. Qəbul edilmiş sənəddə cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatlarda bütün müddəaların bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına sadiqlik ifadə olunur”.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O, bildirib ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının yardımı ilə sərhədin demakrasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığa gəlinib: “Bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib. Həmçinin regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinini zəruriliyi də vurğulanıb. Bu o deməkdir ki, kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizi layihəsi də daxil olmaqla avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib”.

R. Əliyevin sözlərinə görə, noyabrın 26-da keçirilən görüşdən sonra qəbul edilmiş birgə Bəyanatla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər: “Qeyd etmək lazımdır ki, həm birgə bəyanatda, həm də dövlət başçılarının bəyanatlarında bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi yer almayıb. Bu o deməkdir ki, artıq Rusiya da, Ermənistan da “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar.

Soçidə qəbul edilmiş birgə Bəyanat, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfi görüş və müzakirə olunan məsələlər Azərbaycan-Rusiya münasibətlərinin çox yüksək səviyyədə olduğunu göstərdi. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşlıqdan da artıqdır. Bu yaxınlıq Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, Soçi Bəyanatının yekununun nəticələri Azərbaycan üçün müsbət nəticələnəcək. Həmçinin proseslərin gedişi bu məsələlərin çox gözləmək lazım gəlməyəcəyini də göstərir. Bu istiqamətdən yanaşsaq, regionda vəziyyət daha təhlükəsiz və region ölkələri üçün də əlverişli olacaq”.