Ekspertdən şok iddia: “Azərbaycan, Türkiyə və İsrail arasında...”

Ekspertdən şok iddia: “Azərbaycan, Türkiyə və İsrail arasında...”

25 Noyabr 2021 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Türkiyə-İsrail əlaqələrinin bərpası üçtərəfli Ankara-Təl-Əviv-Bakı platformasının qurulması ilə daha da güclənə bilər”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert uzun müddətdən sonra İsrail-Türkiyə münasibətlərinin normallaşmağa başladığını söyləyib:

“Ötən həftə İsrail Baş naziri Naftali Bennetlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı oldu. Ərdoğan bundan başqa israilli həmkarı İshaq Hersoqla da telefonla danışdı. Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər də müzakirə edildi.

Uzun müddətdir “Mavi Mərmərə” böhranına görə iki ölkə arasındakı diplomatik münasibətlər gərgin və aşağı səviyyədə idi. Bu baxımdan, bu danışıqlara İsrail-Türkiyə münasibətlərindəki buzların əriməsi kimi baxmaq olar. Qənaətimə görə, regionda dəyişən geosiyasi şərtlər iki ölkənin əvvəlki əlaqələrinin bərpasını labüd edir. Bu, bir çox istiqamətdə hər iki ölkənin maraqlarına cavab verir”.

Məhəmməd Əsədullazadə İsraillə Türkiyənin - iki dost ölkənin münasibətlərinin normallaşmasının Azərbaycanın da maraqlarına cavab verdiyini bildirib.

Ekspert üç ölkə arasında yeni əməkdaşlıq platformasının qurulmasının mümkünlüyünə də diqqət çəkib:

“Türkiyə-İsrail əlaqələrinin bərpası üçtərəfli Ankara-Təl-Əviv-Bakı platformasının qurulması ilə daha da güclənə bilər. Dünya siyasətində regional birliklərin qurlmasının ön planda olduğu bir vaxtda belə bir platforma da mümkün ola bilər. Eyni zamanda, Türkiyə-İsrail əlaqələrinin bərpası Azərbaycanın Təl-Əvivdə səfirlik açmasını da labüd edə bilər.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını vacib hesab edirəm. İsrailin Vətən müharibəsində Azərbaycana verdiyi dəstək və iki ölkə xalqları arasındakı dostluq münasibətlərini nəzərə alaraq, səfirlik məsələsinin həllində konkret addımların atılmasının vaxtının çatdığını düşünürəm”.