Brüssel görüşü əhəmiyyətini itirdimi - Əliyevlə Paşinyan Soçidə hansı sənədləri imzalayacaqlar?

Brüssel görüşü əhəmiyyətini itirdimi - Əliyevlə Paşinyan Soçidə hansı sənədləri imzalayacaqlar?

24 Noyabr 09:19
138
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan başçılarının görüşüylə bağlı müzakirələr davam edir. Azərbaycanda olduğu kimi, Ermənistanda da bu görüşə dair fikirlər haçalanır. Qərbpərəst kəsim baş verənləri Baş nazir Nikol Paşinyanın Moskvaya “yox” deyib, Brüsselə “hə” deməsi kimi təqdim edərək, bunun danışıqlar prosesinin Rusiyadan Avropaya daşınması cəhdi olduğunu bildirirlər. Daha neytral və müstəqil politoloqlar isə bununla razılaşmır və Brüssel görüşünə heç də optimist yanaşmırlar, onun hər hansı ciddi nəticə verəcəyinə də inanmırlar.

Oxuməni.az xəbər verir ki, mövzuyla bağlı erməni mətbuatına danışan politoloq Beniamin Poqosyan Brüssel görüşünü “növbətçi görüş” adlandırıb.

Xatırladaq ki, hələ noyabrın 7-də Kreml sözçüsü Dmitri Peskov videkonfrans formasında üçtərəfli görüşün baş tutacağının anonsunu versə də, heç bir görüş baş vermədi. Noyabrın 19-da isə Rusiya XİN rəhbəri Serqey Lavrov görüşün baş tutacağını, lakin bunun üçün “konsensusun lazım olduğunu” demişdi.

Nəhayət, dünən erməni mediası və teleqram kanalları noyabrın 26-da Soçidə üçtərəfli görüşün olacağı barədə məlumat yaydı. Bu gün isə Rusiya mediası Kremlə istinadla bu məlumatı təsdiq etdi. Bütün bunların fonunda məhz Brüsseldə ikitərəfli görüşün keçirilməsi Poqosyanın da dediyi kimi, bir çoxları tərəfindən danışıqlar prosesinin alternativ müstəviyə, platformaya daşınması cəhdi kimi qəbul olunmağa başladı.

Lakin erməni politoloq hesab edir ki, bu gözləntilər əbəsdir. Onun fikrincə, Paşinyanın 10 noyabr görüşündən imtina etməsi həmin dövr üçün masada olan sənədin Ermənistanın maraqlarına xidmət etməməsilə bağlı ola bilər. Ancaq maraqlıdır ki, bundan sonra sərhəddə baş verən hərbi qarşıdurma və xüsusilə də 16 noyabrdakı qanlı toqquşmalardan sonra Paşinyan Rusiyanın demarkasiya və delimitasiya ilə bağlı təkliflərini qəbul etdiyini bildirdi. Poqosyan isə müsahibəsində sual qoyur ki, görəsən, əvvəlki sənədlə 16 noyabrdan sonra Rusiyanın təklif etdiyi və Paşinyanın barəsində danışdığı sənəd arasında hansı fərq var və bu fərq Ermənistanın xeyrinədir, yoxsa ziyanına? Ekspert hesab edir ki, ən vacib sual budur. Bununla yanaşı, sənədin mahiyyətindən asılı olmayaraq, onun məhz Brüsseldə imzalanacağı inandırıcı deyil: “Planlaşdırılan onlayn “Moskva görüşü”ndən fərqli olaraq, Brüsseldə çətin ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dair hansısa sənəd imzalansın. Ən yaxşı halda ümumilikdə tərəflərin danışıqlara hazır və sadiq olduğuna dair bəyanat qəbul olunacaq...”

Politoloq bununla Paşinyanın danışıqlar prosesini Avropa İttifaqı platformasına daşımağa cəhd etdiyini düşünmədiyini bildirir. Çünki onun fikrincə, Qərb Minsk Qrupu formatında bu prosesdə pis-yaxşı iştirak edir və İrəvan üçün yeni platforma axtarmaqdansa, Minsk Qrupunun prosesə təsirini artırmaqla Azərbaycan-Rusiya-Ermənistan formatını saxlamaq daha məqsədəuyğundur.

Əlbəttə, Paşinyan ümumiyyətlə, Qərbin bu prosesdə hətta Rusiyadan da önə çıxaraq, əsas ağırlıq mərkəzinə çevrilməsini istəyərdi. Ancaq reallıq bu arzudan çox-çox fərqlidir. Unutmayaq ki, Paşinyan artıq faktiki olaraq, Rusiyanın demarkasiya və delimitasiya ilə bağlı təklifini qəbul etdiyini bəyan edib və belə görünür ki, 26 noyabrda məhz Rusiyanın vasitəçiliyi ilə Əliyevlə görüşməyə də razılıq verib. Bundan sonra sonra müzakirələrin hansısa başqa platformalara daşınması öz mənasını itirir.

Nəhayət, Brüssel sammiti ilə bağlı pessimist proqnozlarını yekunlaşdıran erməni politoloq, deyib: “Bu, böyük ehtimalla birdəfəlik təşəbbüsdür. Ermənistan və Azərbaycan liderləri istənilən halda “Şərq tərəfdaşlığı” sammitinə gedəcəkdilər. Bunu nəzərə alaraq, qarşıdurmada olan iki ölkənin görüşünün təşkil edilməsi qərara alınıb. Bu, sadəcə geniş yayılmış beynəlxalq diplomatik praktikadır”.

Bu arada Ermənistanın “Joxovurd” qəzeti noyabrın 25-də parlamentdə “demarkasiya və delimitasiya məsələlərinin” müzakirə olunacağını yazıb. Təqdim olunan sənəd bir neçə bənddən ibarətdir ki, onların da arasında ən əsası müxalifət tərəfindən hökumətin qarşısında qoyulan tələbdir. Həmin bənddə hökumətdən “Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil edən heç bir sənədi imzalamamaq” tələbi qoyulur.

26 noyabrda Soçidə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi haqda xəbərin təsdiqindən sonra, Brüssel görüşünün formal xarakter daşıyacağına heç bir şübhə qalmadı. Və əlbəttə ki, Ermənistan əvvəl-axır müharibənin dayandırılması və kapitulyasiya anında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək. Bu baxımdan, çox böyük ehtimalla, Soçi görüşündə tərəflər arasında hansısa sənədlərə imza atılacaq./AzPolitika.info