Avropa İttifaqının prezidenti Azərbaycan müxalifəti ilə görüşmək istəmədi

Avropa İttifaqının prezidenti Azərbaycan müxalifəti ilə görüşmək istəmədi

5 İyul 2012 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompey iyulun 4-5-də Azərbaycanda səfərdə olacaq. Bu barədə "Turan"a Aİ-nin Bakıdakı nümayəndəliyindən bildirilib. Mənbənin məlumatına görə, Rompey prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentin spikeri Oqtay Əsədov, energetika naziri Natiq Əliyevlə görüşəcək. Səfər çərçivəsində Rompeyin Xarici Dillər Universitetinin tələbələri qarşısında çıxış edəcəyi gözlənilir.

"Avropa İttifaqının rəhbərinin Azərbaycana səfəri Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsinin növbəti illüstrasiyasıdır. Biz assosiativ saziş, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyik" - bunu Aİ-nin Bakıdakı missiyasının rəhbəri Rolan Kobia bildirib.

Maraqlıdır ki, Aİ prezidentinin Bakıda müxalifətlə ayrıca görüşü protokolda yoxdur. Amma məlumata görə, onun Xarici Dillər Universitetində keçirəcəyi görüşə siyasi partiya liderləri, o cümlədən Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli də dəvət olunublar. Lakin ölkə müxalifətinin əsasını təşkil edən İctimai Palata (İP) liderləri həmin tədbirə getməyəcəklər. İP rəhbərliyi bu tədbiri boykot edəcək. Aİ-nin Bakıdakı təmsilçiliyinə də çatdırılıb ki, müxalifət bu formatda görüşdən narazıdır. Onlar özəl görüş istəyirlər. Lakin Aİ-nin Bakı təmsilçiliyindən bildirilib ki, Herman Van Rompeyin buna zamanı yoxdur.

"Yeni Müsavat" qəzetinin məlumatına görə, İsa Qəmbər Xarici Dillər Universitetində keçiriləcək görüşə dəvət aldıqlarını, amma ora getməkdən imtina edəcəkləri haqda məlumatları bir qədər fərqli kontekstdə təsdiqlədi: "Avropa İttifaqı prezidentinin Dillər Universitetində təşkil olunan tədbirinə bizə də dəvət göndərilib. Amma mənim daha öncədən planlaşdırılmış digər görüşüm olduğundan təəssüf ki, həmin toplantıya qatıla bilməyəcəyəm. Əminəm ki, Aİ prezidentinin Azərbaycan səfəri səmərəli olacaq və ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək".

ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat"a açıqlamasında Aİ prezidenti ilə görüşə dəvət edilmədiklərini dedi: "Biz dəvət almamışıq. Əksinə, özümüz Avropa Birliyinin Bakı nümayəndəliyi ilə əlaqə saxlayıb görüşmək istədiyimizi bildirdik. Lakin bizə cavab verildi ki, AB prezidentinin müxalifətlə görüşməyə vaxtı yoxdur, onun rəsmi şəxslərlə görüşü nəzərdə tutulub".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə məlum tədbirə dəvət aldığını və orada iştirak edəcəyini dedi.

O.M.