Ərdoğanın  Qarabağa ikinci səfəri nə vəd edir ? - Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir

Ərdoğanın Qarabağa ikinci səfəri nə vəd edir ? - Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir

28 Oktyabr 06:11
167
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana 2021-ci ildə sayca 3-cü səfərini gerçəkləşdirdi. Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra əvvəlcə Bakıda keçirilən Qələbə paradında iştirak etdi, ikinci dəfə Şuşaya getdi və Azərbaycan prezidenti İlham Əliyevlə birgə müttəfiqlik bəyanatına imza atdı, üçüncü səfərini isə birbaşa Qarabağa etdi, onun təyyarəsi yeni tikilən Füzuli hava limanına endi.

Ərdoğan bu səfərləriylə ətraf aləmə göstərir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda mövqeləri güclənib.

Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışından sonra İlham Əliyevlə birlikdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoydu. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır və bu geri dönüşü olmayan prosesdir.

Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılmasına əmin olmasaydılar yeni yolun təməlqoyma mərasimini təşkil etməzdilər. Deməli bu məsələ həm Rusiya, həm də Ermənistan hakimiyyəti ilə razılaşdırılıb.

Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubundakı son çıxışında dedi ki, Azərbaycanla Ermənistan və Türkiyə arasında dəhlizlər açılmalıdır. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir.

Rusiya bu dəhlizdən istifadə edərək Ermənistana və Türkiyəyə çıxış imkanı qazanmaq istəyir. Ermənistanın baş naziri Nikol Paşinyan da son çıxışında Naxçıvanla Azərbaycan arasında nəqliyyat xətlərinin açılacağını vurğuladı.

Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərinin başqa əhəmiyyəti də var idi. Rusiya hökumətinə yaxın “RİA Novosti” agentliyi bugünlərdə xəbər yayımladı ki, noyabrın ilk həftəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskvada görüşəcəklər.

Onların Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılmasıyla bağlı yeni bəyanat imzalayacaqları gözlənilir.

Böyük ehtimalla Azərbaycan prezidenti Moskvadakı görüşün detalları barədə Rəcəb Tayyub Ərdoğanı məlumatlandırıb. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla bağlı siyasətini Türkiyə ilə razılaşdırır.

Bu Azərbaycanla Türkiyə arasında müttəfiqlik və Şuşa bəyannaməsinin ruhuna uyğundur. Eyni ilə rəsmi Ankara da Ermənistan siyasətini rəsmi Bakı ilə razılaşdırır. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəd məsələsini rəsmi Bakı ilə məsləhətli şəkildə həll edəcək.

Bu arada, Ərdoğanın açılışında iştirak etdiyi və cəmi 10 ay ərzində inşa olunan Füzuli beynəlxalq hava limanının əhəmiyyəti böyükdür.

Birincisi, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə inşaat çalışmalarına başladı. Hava limanı ilə bərabər yolların tikintisi də start verildi. Bundan sonra mütləq maşınla Bakıdan Qarabağa getmək üçün 5-6 saat vaxt sərf etməyə ehtiyac yoxdur. Füzuli hava limanı yolu qısaltdı. Füzuli hava limanından Şuşaya cəmi 100 kilometr məsafə var.

İkincisi, Füzuli hava limanı vasitəsilə təyyarələrlə Qarabağ bölgəsinə tikinti materaillarını daha tez çatdırmaq olar.

Üçüncüsü, Füzuli hava limanında hərbi məqsədlər üçün də istifadə etmək olar. Həmin hava limanına hərbi təyyarələr enə bilər. Bu Azərbaycan ordusunun Qarabağda manevr imkanlarını gücləndirir.

Dördüncüsü, Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistandan deyil, Füzuli hava limanından da daşıya bilər. Bu Azərbaycan üçün əhəmiyyətlidir. Çünki Laçın dəhlizi hələ ki, Azərbaycan ordusunun nəzarətində deyil. Rusiya öz yüklərini Füzuli hava limanından ermənilərin yaşadığı əraziyə çatdırarsa, Azərbaycan daşınan yüklərin nədən ibarət olduğunu nəzarətdə saxlayacaq.

Beşincisi, Qarabağda Füzuli hava limanından başqa daha iki hava limanı mövcud olacaq. Zəngilandakı hava limanı gələn il hazır olacaq. Bundan sonra Laçında hava limanı tikiləcək. Beləliklə, Azərbaycanın Qarabağda 3 hava limanı olacaq. Azərbaycan bu hava limanlarından istifadə etməklə bölgədəki separatizmi tamamən bitirmək üçün psixoloji təzyiqi artıracaq.

Xankəndi şəhərinin ətrafında vaxtilə işğal olunan hava limanı var. Həmin hava limanını erməni separatçıları təmir ediblər. Ancaq separatçılar həmin hava limanından istifadə edə bilmirlər. Çünki Azərbaycan buna icazə vermir. Bu hava limanı Azərbaycanın Qarabağın tamamında, o cümlədən Xankəndi üzərində suverenliyini təmin etdikdən sonra işə düşə bilər. Sadəcə, Xankəndidəki hava limanında Azərbaycan sərhəd və gömrük xidməti fəaliyyət göstərməlidir. “Atlas” Araşdırmalar Mərkəzi