“Sərhədlər 1920-ci il sənədləri əsasında müəyyən edilməlidir” - Deputat

“Sərhədlər 1920-ci il sənədləri əsasında müəyyən edilməlidir” - Deputat

26 Oktyabr 2021 16:12
Bəyəndim (1) Bəyənmədim (0)

“Azərbaycan belə mövqedədir ki, Azərbaycan-Ermənistan sərhədləri 1920-ci ilin müvafiq sənədləri və xəritələri əsasında həll edilməlidir. Əslində Rusiya Prezidenti Vladimir Putin də “Valday” klubunda çıxışı zamanı qeyd etdi. Mənim fikrimcə, bu əslində çox şeydən xəbər verir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi mövzusunda danışarkən teleqraf.com-a deyib.

Deputat əlavə edib ki, Azərbaycan sərhədlərinin bərpasının 1920-ci il sənədləri əsasında aparılması şərtini qoyub: “Hamımızın yuxarı-aşağı məlumatı var ki, o dövrdə Ermənistan Respublikasını yaratmaq üçün Azərbaycan öz ərazisinin 9 min kvadrat kilometrini ermənilərə güzəştə getmişdi. Belə olan təqdirdə ermənilər 9 min kv kilometrin iddiasını edə bilərlər. Təbii ki, müəyyən güzəştlər ola bilər. Amma Qazax rayonun bir neçə kəndi, Naxçıvanın bir kəndi, habelə Zəngəzur məsələsi, Basarkeçər rayonu məsələsi var. Zənnimcə, bunların hamısı nəzərə alınacaq”.

Elman Məmmədov Azərbaycan Prezidenti Əliyevin bir fikrinə xüsusilə vurğu edib: “Cənab prezident qeyd edib ki, biz hara lazımdırsa, ora çıxmışıq və gedib orada duracağıq. Qalib dövlət kimi biz diktə edirik. Kifayət qədər əsaslı sənədlər, Azərbaycan dövlətinin 1920-ci il sərhədləri var. Sözsüz ki, Azərbaycan bunun tələbini edəcək”.