ATƏT-in Minsk Qrupunun həmsədrlərini bölgəyə ermənilər müdafiə məqsədilə gəlirlər

ATƏT-in Minsk Qrupunun həmsədrlərini bölgəyə ermənilər müdafiə məqsədilə gəlirlər

23 Oktyabr 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məqsədi erməniləri müdafiə etməkdir: Bölgəyə də bu məqsədlə gəlirlər.

Arzu Nağıyev: “Minsk Qrupunun həmsədrləri regionda təhlükəsizliyə təhdid yaradan bir qurum kimi yadda qalıb”

“Məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ciddi cəhdlə regiona dönmək və əvvəlki deklarativ bəyanatlarından fərqli olaraq, müəyyən “işlər” görmək istəyirlər. Daha doğrusu, belə bir bəyanat verirlər. Görəcəkləri işlərə gələndə isə yəqin ki, ən çox ermənilərin istədiyi məqmlar, yəni “status”, insan haqları, “əsir və girovlar” məsələləri ola bilər”.

Deputat Arzu Nağıyev bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə növbəti səfər hazırlıqlarını Musavat.com-a şərh edərkən deyib. Millət vəkilinin fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda təhlükəsizliyə təhdid yaradan bir qurum kimi yadda qalıb: “Əgər vaxtında dağıntılar, vandalizm, erməni quldurları, terror təşkilatları ilə bağlı məlumatları şəffaf şəkildə dünya ictimaiyyətinə təqdim etsə və ya separatçıların cinayətlərini ört-basdır etməsəydilər, vəziyyət bu həddə çatmazdı. Lakin bu, artıq keçirilmiş mərhələdir. Bu gün biz qalib və diqtə edən Azərbaycan kimi tələb edirik: əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona sərhədlərin delimitasiyası, demarkasiyası, sülh sazişi, minalardan təmizlənmə və buna bənzər missiya ilə gəlirsə, müəyyən danışıqlar aparmaq olar”.

Deputat bildirib ki, əks halda, əvvəlki illərdə olduğu kimi, görüş naminə görüşlər keçirilə bilər: “Digər məsələ onların səfərinin protokol qaydalarıdır. Hər iki dövlətin nümayəndələri ilə görüşmək, separatçılarla isə ən optimal halda icma səviyyəsində danışmaq olar.Təbii ki, bu da Azərbaycanın nəzarəti altında baş tuta bilər. Artıq beynəlxalq qurumlar da bilməlidir ki, Azərbaycan suveren dövlət olaraq hər hansı statusu qəbul etmir və bərpa olunmuş ərazi bütövlüyü çərçivəsində öz xarici və daxili siyasətini qurur”.

A.Nağıyev həmsədrlərə bölgəyə səfər edəcəkləri halda, Azərbaycan qanunlarını pozmamağı tövsiyyə edib. Deputat son günlərin çox ciddi hadisəsini xatırladıb və bildirib ki, bu, bütün əcnəbilərə xəbərdarlıqdır: “Qeyd etmək istərdim ki, DTX rəisi general-polkovnik Əli Nağiyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə görüşündə regionda hökm sürən yeni reallıqların nəzərə alınmasını tövsiyə etməsi də dövlət və dövlətçiliyin,ərazi bütövlüyü və suverenliyin ciddi bir sübutudur, beynəlxalq təşkilatlar da buna hörmətlə yanaşmalıdırlar. Yəni istəniləın qurum nümayəndələri ərazimizdə müvəqqəti yerləşən sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə Azərbaycan tərəfinin icazəsi olmadan gələ bilməz. Bu gün bütün dünyü bilməlidir ki, Xankəndi də hazırda separatçıların qanunsuz silahlı dəstələrinin yerləşdiyi digər ərazilər də Azərbaycandır. O Azərbaycan ki, ərazisi BMT tərəfindən tanınır və Ali Baş Komandan, rəşadətli ordumuz, şəhid və qazilərimiz, xalqımız hesabına öz suverenliyini, ərazi bütövlüyünü bərpa edib”.