Nə baş verir? İranın geri çəkilməsinin pərdəarxası...

Nə baş verir? İranın geri çəkilməsinin pərdəarxası...

21 Oktyabr 2021 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan - İran münasibətlərində gərginliyin yüksələn xətt üzrə inkişaf etməsi ciddi narahatlıq doğururdu. Rəsmi Tehranın təcavüzkar Ermənistan üçün “oksigen balonu” funksiyasını yerinə yetirməsi tərəflər arasındakı ziddiyyəti daha da dərinləşdirdi.

Oxuməni.az xəbər verir ki, İrana məxsus yük maşınlarının separatçıların nəzarətində olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərinin intensiv xarakter almağa başlaması ziddiyyətləri açıq müstəviyə çıxardı. Azərbaycan hakimiyyətinin haqlı narazılığını dilə gətirməsi qarşı tərəfdən “süngü” ilə qarşılandı. Rəsmi Bakının haqlı tələbinə şantaj və təhdid diliylə cavab verən İran iki dövlət arasındakı gərginliyi pik həddə çatdırdı.

İran ayətullahlarının təhdid xarakterli çıxışlarının bu öıkənin KİV-lərində geniş yayılması Azərbaycanın qarşı qarayaxma kampaniyasının aparılması ilə müşayiət olundu. Azərbaycan tərəfin təmkinli, amma səlis cavabları İranda xoş qarşılanamasa da, rəsmi Tehranı özünün xarici siyasətində müəyyən korrektələr aparmağa vadar etdi. Ötən gün qəbul edilən qərar bu prizmadan qiymətləndirilə bilər.

Qeyd edək ki, İranın Yol və Nəqliyyat Təşkilatı dünən nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib. Sözügedən qurumun Beynəlxalq Tranzir İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib.

İran niyə geri çəkildi? Son bir neçə ayda Azərbaycan xalqının əsəbləri üzərində “rəqs edən” Tehranın bu jestinə səbəb nədir?

Hadisələrin təhlili göstərir ki, İran bu addımı məcburiyyət qarşısında atıb. Belə ki, rəsmi Bakını “dişinə” vuran Tehran “bu hənanın o hənadan olmadığını” anlayandan sonra geri çəkilməyə qərar verib. Əsas səbəb Azərbaycanın siyasi hakimiyyətinin və xalqının prinsipial və dönməz mövqeyidir.

Sözsüz ki, məlum qərarın qəbulunda Azərbaycan-Türkiyə münasibətləri də müəyyən rol oynayıb. Ankaranın Bakını heç bir halda meydanda tək qoymayacağını başa düşən İran özünə əlavə problemlər yaratmaq istəmədiyi üçün ziyanın yarısından qayıtmalı oldu. Azərbaycanın ötən əsrin 90-cı illərindən fərqli olaraq, güclü və inadkar olması Tehranı hadisələrə soyuq başla yanaşmağa vadar etdi.

Digər vacib bir məqam isə Qarabağ münaqişəsinin tənzimlənmə prosesində yeni siyasi şəraitin yaranmasıyla bağlıdır. ATƏT-in Minsk qrupunun yenidən “dirilməsini” istəməyən Rusiyanın ermənilərin nazı ilə oynamaq fikrində olmadığı aşkar müşahidə olunur. ABŞ və Fransanın bölgədəki proseslərə təsir etməsini istəməyən Kreml yeganə çıxış yolunun Azərbaycanın haqlı mövqeyini dəstəkləmək olduğunu yaxşı başa düşür. Aydın məsələdir ki, bu siyasət İranın regionda təklənməsinə gətirib çıxara bilər. Eyni vaxytda həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya ilə kəllə-kəlləyə gəlməyin yaxşı perspektiv vəd etmədiyini gözəl anlayan Tehran sürücülərinin ayağını Qarabağdan kəsməlklə doğru addım atmış oldu. İranın bu addımının iki ölkə arasında buzları əridəcəyini söyləmək mümkündür. Buna hər iki tərəfin ehtiyacı var. Azərbaycanda saxlanılan iranlı sürücülərin bu gün azad edilməsi də bu istiqamətdə atılmış pozitiv addımlardan biridir.

Siyasət həm də şəraiti düzgün qiymətləndiirb vaxtında qərar qəbul etmək elmidir...