Rəsmi Bakı Paşinyandan əvvəlcə istədiyini aldı: 5 erməni diversantın qaytarılma səbəbi...

Rəsmi Bakı Paşinyandan əvvəlcə istədiyini aldı: 5 erməni diversantın qaytarılma səbəbi...

21 Oktyabr 06:33
358
Bəyəndim (0) Bəyənmədim (0)

Bu əməliyyatın Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən reallaşdırıldığı qətiyyən şübhə doğurmur; Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçıları qarşısında Azərbaycanın əsas tələblərindən birini yerinə yetirmişdi...

Ermənistan Cənubi Qafqazda yaranmış yeni situasiya və onun fərqli şərtləri ilə artıq barışıb. Hər halda, rəsmi İrəvanın son davranışları belə qənaətə tamamilə əsas verir. Və bu reallıq hər ötən gün daha qabarıq şəkildə nəzərə çarpır.

Halbuki bir müddət öncəyə qədər Paşinyan hakimiyyəti tamamilə fərqli davaranışlarla diqqəti çəkirdi. Rəsmi İrəvan hər addımda avantürist siyasi oyunlarla regionda geopolitik situasiyanı gərginləşdirməyə çalışırdı. Üçtərəfli anlaşmaların icra olunması prosesini mümkün qədər əngəlləməyə, heç olmasa, gecikdirməyə cəhd göstərirdi.

Təbii ki, rəsmi İrəvanın bu davranışlarında regiona kənar müdaxilə cəhdlərinin təsirləri diqqətdən yayınmırdı. Paşinyan hakimiyyətinin təmsilçiləri bütün vasitələrlə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə ABŞ və Fransanı da qatmağa can atırdı. Ancaq bu cəhdlərin hamısı boşa çıxdı, regionda təkbaşına qaldığını qəbul etməyə məcbur oldu.

makron-pashinyan.jpg (135 KB)

Düzdür, bir müddət öncə İranın region ətrafında aqressiv davranaraq, məntiqsiz iddialar irəli sürməsi Paşinyan hakimiyyətini bir qədər ümidləndirmişdi. Ancaq rəsmi İrəvanın bu ümidlərini də Rusiya puça çıxartdı. Və Kreml İrana hərəkət edə biləcəyi məkanın sərhədlərini tam dəqiqliyi ilə cızaraq, rəsmi Tehrana duracağı yeri göstərdi.

Halbuki, İranın xarici işlər naziri Moskvaya İran üçün daha geniş hərəkət məkanı açmaq üçün getmişdi. Ancaq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə ona anlatdılar ki, Cənubi Qafqazda üçtərəfli anlaşmaların tələblərindən başqa heç bir geopolitik iddia keçərli olmayacaq. Və İranın bu anlaşmanın icrasına, eləcə də onun doğura biləcəyi nəticələrə heç bir aidiyyatı yoxdur.

Məhz bundan sonra Ermənistanın son ümidləri də tamamilə tükənmiş oldu. Rəsmi İrəvan üçtərəfli anlaşmaları icra etməkdən başqa çıxış yolunun qalmadığı qənaətinə gəldi. Üstəlik, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyanın da Kremlə məhz təlimatlandırılmaq məqsədilə çağırıldığı artıq qətiyyən şübhə doğurmur. Və rəsmi İrəvanın son vaxtlar Rusiyanın da icra olunmnasında israr etdiyi üçtərəfli anlaşmalara daha həssas yanaşması bunu təsdiqləyir.

Məsələ ondadır ki, son vaxtlara qədər üçtərəfli anlaşmaların icra olunması üçün müxtəlif avantürist şərtlər irəli sürürdü. Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonrasa, erməni baş nazir Ermənistanın Azərbaycanla yüksək səviyyədə danışıqlara, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələrə hazır olduğunu daha tez-tez təkrarlayır.

pasha-putin-moskva.jpeg (90 KB)

Ancaq onun son açıqlamalarında daha bir önəmli məqam da diqqəti çəkir. Belə ki, erməni baş nazirin Moskva səfərinə qədər Paşinyan hakimiyyətinin təmsilçiləri Ermənistan ərazisindən Azərbaycana hər hansı dəhlizin verilməsinin müzakirə mövzusu olmayacağını əminliklə vurğulayırdılar. Ancaq indi bu əminlik yoxa çıxıb və bu barədə onların özləri müsbət mesajlar verməyə başlayıblar.

MDB liderlərinin online sammitində baş nazir N.Paşinyan bu mövzuda daha konkret rəsmi mövqe bildirdi. O, vurğuladı ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması nəticəsində Azərbaycan Ermənistan üzərindən Naxçıvana dəmiryolu və avtomobil yolu xətti qazanacaq. Və bu, rəsmi İrəvanın Zəngəzur dəhlizinin yaradılması ilə barışması anlamına gəlir.

Düzdür, erməni baş nazir “Zəngəzur dəhlizi” terminini dilə gətirmədi. Ancaq onun könülsüz şəkildə dedikləri əslində elə Zəngəzur dəhlizinin təsvirindən başqa bir şey deyil. Halbuki rəsmi Bakının Zəngəzur dəhlizi adlandırdığı marşrutun Ermənistanda necə ifadə edilməsi elə bir ciddi əhəmiyyət daşımır. Əsas odur ki, qarşıya qoyulmuş hədəf reallığa çevrilmiş olsun.

Təbii ki, erməni baş nazirin dedikləri Ermənistan cəmiyyətində də həzm olunmalıdır. Artıq bu mövzuda Ermənistanda ciddi müzakirələr aparılmaqdadır. Bunu geopolitik reallıqlardan qaynaqlanan məcburiyyət kimi dəyərləndirənlərlə yanaşı, Paşinyan hakimiyyətini Ermənistana xəyanət etməkdə suçlayanlar da var. Hətta revanşistlər bu məsələ ilə bağlı İrəvanda Paşinyan hakimiyyəti ilə yanaşı, Rusiya və prezident V.Putinə qarşı ittihamların səsləndirildiyi yürüş də keçirtdilər.

f616fb8bbee8f4_616fb8bbee932.jpg (41 KB)

Maraqlıdır ki, Rusiya və Azərbaycan Paşinyan hakimiyyətinə ölkədaxili təzyiqlərin qarşısını almaqda bu dəfə yardım göstərdi. Belə ki, Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstam Muradov növbəti dəfə Bakıya göndərildi. Və o, daha sonra 5 erməni diversantını da yanına alıb, İrəvana yollandı.

Hazırda Azərbaycan cəmiyyətində Ermənistana qaytarılan 5 erməni diversantın əvəzinin necə ödənildiyi ciddi müzakirə mövzusudur. Hətta bəziləri rəsmi Bakının erməni diversantları sadəcə, humanizm göstərərək, əvəzini almadan Ermənistana verdiyini iddia edirlər. Və Ermənistana yönəlik belə güzəştlərin yolverilməz olduğunu vurğulayırlar.

Halbuki rəsmi Bakının 5 erməni diversantını heç bir qarşılıq olmadan geri qaytarması qətiyyən inandırıcı deyil. Hər halda, Azərbaycanın siyasi rəhbərliyinin belə mövzularda nə qədər həssas və prinsipial olduğu dəfələrlə təsdiqlənib. Vaxtilə özü ilə İrəvana erməni diversantı aparmaq istəyən elə həmin R.Muradovun təyyarəsinin Ermənistana boş yola salındığı qətiyyən unudulmayıb.

Deməli, rəsmi Bakının 5 erməni diversantını Paşinyan hakimiyyəti əvəzini ödədikdən sonra İrəvana göndərdiyi heç şübhə belə, doğurmur. Paşinyan hakimiyyətinin onların əvəzində Azərbaycana yenə də mina xəritələri verdiyini ehtimal etmək olar. Və yəqin ki, bunun belə olub-olmadığı yaxın vaxtlarda aydınlaşacaq.

Ancaq burada bir önəmli məqamı qətiyyən nəzərdən qaçırtmaq olmaz. Son baş verənlərə əsasən Azərbaycan tərəfinin bu dəfə 5 erməni diversantına görə öz istəyinə əvvəlcədən çatdığını da düşünmək olar. Belə ki, rəsmi Bakı özünün əsas geopolitik hədəflərindən birini reallaşdırmağa nail olub. Hər halda, baş nazir N.Paşinyanın dilindən “Azərbaycan Ermənistan üzərindən Naxçıvana dəmiryolu və avtomobil yolu qazanacaq” etirafı böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi rəsmi İrəvan tərəfindən MDB dövlət başçılarının qarşısında gündəmə gətirilib. Paşinyan hakimiyyəti indi bu gündəmdən heç bir halda yayına bilməz. Üstəlik, Ermənistan cəmiyyətində bu dəhlizin istənilən halda, reallaşacağı barədə məhz rəsmi İrəvan tərəfindən açıq mesaj verilib. Böyük ehtimalla bu məsələdə Rusiya ilə anlaşan rəsmi Bakı da Paşinyan hakimiyyətini 5 erməni diversantını qaytarmaqla, “mükafatlandırıb”. Və bu, Zəngəzur dəhlizi ilə bağlı reallığı rəsmən bəyan etmiş Paşinyan hakimiyyətinə ölkədaxili təzyiqləri zəiflətmək baxımından, faydalı ola bilər. Musavat.com