İran casuslarını nə gözləyir?

İran casuslarını nə gözləyir?

20 Oktyabr 10:33
159
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci Qarabağ müharibəsi ilə Azərbaycan xarici düşmənlərinə ağır zərbə vurdu. İndi sıra Azərbaycanın daxilində olan ayrı-ayrı ölkələrin casuslarıdır.

Bəlkə də vəziyyət bu həddə çatmazdı. Amma İranın rəsmi və dini dairələrinin Azərbaycana qarşı açıq hədələri, güc nümayişi bu ölkənin içimizdəki casuslarının görünməmiş bir aktivliyi ilə müşahidə olundu. Təbii ki, bu, dövlət üçün böyük təhlükə deyil. Amma narahatedici, eyni zamanda qanunlarla qadağan edilən, Cinayət Məcəlləsində konkret maddələrlə suç hesab olunan vətənə xəyanətdir. Söhbət casusluqdan gedir. Bununla bərabər dövlət əleyhinə təbliğatdan...

İranın təsir dairəsinə düşənlərin böyük əksəriyyəti birmənalı olaraq savadsız və cahillik girdabında olan şəxslərdir. Onlara müasir elmlərdən elementar suallar versən, gözlərini döyərlər. Qlobusda 3-4 ölkəni göstərməyini istəsən, barmaqları titrəyər. Bu, bəllidir.

Bunlarla bərabər bir vacib məqam da var. Bütün terrorçular məhz belə cahillərdən ibarət deyilmi?! Savadlı, düşünən adamla mübarizə aparmaq asandır. Onunla danışıqlara gedərsən və hər hansı bir ortaq nöqtə tapa bilərsən. Amma cahil adamla heç bir ortaq nöqtə tapmaq mümkün deyil. Onlarla yalnız qanun dilində danışmaq mümkündür ki, bu proses də gec-tez başlamalı idi.

Mollaların Azərbaycandakı başı Ocaqnejad müridlərindən fərqli olaraq, peşəkar xəfiyyəçi kimi bu təhlükəni hamıdan tez hiss etdi. Və hiss etdiyi anda da, quyruğu qapının arasında qalmadan şələ-şüləsini yığıb qaçdı. Onun qaçışı İranın yerli agentləri üçün bir siqnal olmalı idi ki, dara düşəndə bu günə kimi inandıqları o sehirli əl onları düşdükləri quyunun dibindən çıxarmayacaq. Əksinə dabanına tüpürüb qaçacaq.

Gedən proseslərdən hiss olunur ki, dövlət babanın səbri artıq tükənib. Ötən gün Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu da daxil olmaqla 5 nəfər dindar hüquq-mühafizə orqanlarında dindirilib. Hələlik onların dindirilməsinin səbəbləri, əldə olunan nəticələr haqda heç bir açıqlama yoxdur. Bu üzdən də adı bəlli olan 5 dindar haqda heç bir nəticə çıxarmağa tələsməyək.

Bəlkə də bu hadisə bilərkdən və ya bilməyərəkdən İran təbliğatının təsiri altına düşənlər üçün xəbərdarlıq kimi qəbul olunmalıdır. Onlar ayılmalı və bu vaxta qədər yanlış yolda olduqlarını dərk edib qanunlara sığınmalıdırlar. Bizi İranın bir parçası kimi görmək düşüncəsindən əl çəkməlidirlər. Bura İran deyil, Azərbaycandır. Müstəqil, müzəffər Azərbaycan.

Fitnənin beşiyini rədd etmək gec deyil hələ. Bizim mömün kimi qibləmiz Məkkədir, vətəndaş kimi isə Azərbaycanın bayrağı dalğalandığı yerdir.Yenisabah.az