Tehran Bakı ilə  “körpüləri yandırdı" və cavabını aldı” ... – İran rejiminin narkotik ticarətində ittiham olunması nədən xəbər verir?

Tehran Bakı ilə “körpüləri yandırdı" və cavabını aldı” ... – İran rejiminin narkotik ticarətində ittiham olunması nədən xəbər verir?

16 Oktyabr 2021 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

İranın anti-Azərbaycan fəaliyyətinə dair hər gün yeni faktlar ortaya çıxır. Azərbaycan hökuməti artıq saxta molla rejiminin ölkəmiz əleyhinə yürütdüyü siyasətə dözümlük nümayiş etdirmir, onların əməllərini ifşa edərək, ən yüksək səviyyədə cavablarını verir. Bu da təsadüfü deyil...

Oxuməni.az xəbər verir ki, İranda xüsusilə yeni Rəisi hökuməti iş başına gələndən sonra Tehranın İrəvanla daha sıx şəkildə “qardaşlaşması”, Azərbaycana münasibətdə isə şər-böhtan üzərində qurulan açıq avantürist siyasət sərgiləməsi, demək olar ki, Bakı - Tehran münasibətləri tarixində ən gərgin dövrlərdən birinin yaşanmasına gətirib çıxarıb.

Son zamanlar İran rejiminin Azərbaycanı gah qonşuları ilə sərhədləri pozmaqda, gah bölgəyə İsraili, gah da terrorçuları gətirməkdə ittiham etməsi, son 30 ildə işğalçı Ermənistana “gözün üstə qaşın var” demədiyi halda, işğal altındakı torpaqlarımızı azad edən kimi sərhədlərimizdə hərbi təlimlər keçirərək, özündən olsa Bakıya hədə-qorxu gəlmək cəhdləri Tehranın nə qədər məkrli bir siyasət yürütdüyünü oirtaya çıxardı.

Bununla da kifayətlənməyərək Moskvaya Azərbaycan əleyhinə ittifaq qurmaq təklifi ilə getməsi, Xəzər dənizində və azad olunan ərazilərimizdə Türkiyə ilə birgə keçirdiyimiz təlimlərə etiraz etməsi, Zəngəzur dəhlizinin açılmasının açıq şəkildə əleyhinə olduğunu, hətta bunu özü üçün “qırmızı xətt” hesab etdiyini bildirməsi və s. göstərir ki, Tehran Bakı ilə bütün “körpüləri yandırmaq” xəttini tutub. Hətta demək olar ki, artıq yandırıb.

Xüsusilə də rəsmi Bakının bir addım da geri durmadığını və Azərbaycanın artıq 5-10 il əvvəlki Azərbaycan olmadığını anladıqca, İran rejimi daha da özündən çıxmağa başlayır...

Dövlət başçısı İlham Əliyevin hələ oktyabrın 7-də İtalyanın “La Repubblica” qəzetinə müsahibəsində İranın son aqressiv davranışlarına münasibətdə bir çox mətləblərə aydınlıq gətirərək, demişdi: “İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”.

İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi...”

Bu fikirlər İran rejimi, xüsusilə yeni hökuməti və prezidenti tərəfindən Azərbaycanın dostluq mesajının geri qaytarılması anlamını daşıyır. Bu da azmış kimi, Tehran ittihamlarını səngitmək və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaq əvəzinə, daha da uzağa getməyə başladı.

İran XİN başçısının Moskva səfəri zamanı yenidən Azərbaycanın ünvanına “İsrail və terrorçular” mövzusunda cəfəng ittihamları təkrarlaması göstərdi ki, Tehran təzyiq və təhdid dilindən əl çəkmək istəmir. Əksinə, hətta İranın Moskvadan Ermənistan ərazisinə, Zəngəzur dəhlizi istiqamətinə hərbi qüvvələr yerləşdirmək üçün icazə istədiyinə, lakin razılıq ala bilmədiyinə dair məlumatlar yayıldı.

Bu məlumatların nə dərəcədə doğru olduğunu deyə bilməsək də, ardınca İranın bu dəfə hətta guya əlində “terrorçuların” Azərbaycan ərazisinə gəlişilə bağlı faktlara, audioyazılara malik olduğuna dair yeni cəfəngiyyatına şahidlik etdik.

Bundan öncə isə İranın sərhəd xidmətinin rəhbəri absurd və gülünc iddia ilə çıxış edərək, guya Azərbaycan ərazisində İsrail bazalarının olduğuna dair məlumatlara malik olduqlarını, lakin onların nə sayını, nə də dəqiq yerini bilmədiklərini, buna baxmayaraq, onları izlədiklərini(?!) dedi. Bir sözlə, rəsmi Tehran müxtəlif ranqlı məmurlarının, generallarının və rəsmi qurumlarının dili ilə Bakının üzərinə gəlməkdə davam etdi.

Təbii ki, Azərbaycanın dövlət başçısı cəmiyyətdən, mətbuatdan daha çox məlumatlıdır və İranın son avantüralarının arxasında nələrin durduğunu, Tehranın hansı maraqlar güddüyünü, nələri planlaşdırdığını daha yaxşı bilir.

Onun oktyabrın 15-də MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında İran-Ermənistan birliyini açıq şəkildə cinayətdə ittiham etməsi də bundan xəbər verdi: “Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

İndiyə qədər Azərbaycan tərəfdən İran rejimi bu cür sərt və açıq şəkildə ittiham olunmamışdı. Yəqin ki, İran bu cür cavab gözləmirdi. Bu, İranın cəfəng ittihamları ilə müqayisədə konkret faktlara söykənən cavab oldu. Çünki ortada narkotrafikin artdığına dair konkret statistika var.

Nə baş verdi ki, bu trafik artdı? Deməli, sərhədlərimizin işğalda olmasından istifadə edən İran-Ermənistan tandemi artıq bu yoldan istifadə edə bilmir və İran məcburən yönünü cənubdakı rəsmi sərhəd keçidlərimizdən salır.

Əlbəttə ki, narkotik ticarəti İran rejiminin “əsl molla rejiminə yaraşan əməllərindən” yalnız biridir. Və heç şübhəsiz Tehranın absurd ittihamları ilə müqayisədə Bakının ortaya qoya biləcəyi iradlar yalnız bununla tamamlanmır...

Bütün bunlar İranın bundan sonra da səsləndirəcəyi absurd ittihamlara konkret faktlarla cavab veriləcəyini göstərir. Həmçinin, Tehranın Azərbaycanın dostluq mesajını geri qaytarmasına adekvat cavab aldığını və bundan sonra da alacağını ortaya qoyur.

Bu, o deməkdir ki, ölkələrimiz arasındakı “körpüləri yandıran” İran tutduğu səhv yoldan geri dönməyincə və ritorikasını tündləşdirməkdə davam etdikcə, Azərbaycan tərəfindən daha sərt cavablar alacaq. “AzPolitika.info”