“Putin nəsihət vermək əvəzinə erməniləri ağıllandırmalıdır” - Etiraz

“Putin nəsihət vermək əvəzinə erməniləri ağıllandırmalıdır” - Etiraz

15 Oktyabr 2021 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Putinin işlətdiyi “Pis sülh, yaxşı müharibədən üstündür” cümləsi ona məxsus deyil, əslində, tarixçilərin işlətdiyi kəlamdır”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil HüseynliYenisabah.az-a açıqlamasında deyib.

O, Rusiya prezidenti Vladimir Putinin bu gün MDB Dövlət Başçıları Şurasının iclasında söylədiyi fikirləri şərh edib:

“Putin bu fikirləri ilə tərəfləri, xüsusilə də Azərbaycan tərəfini güzəştli olmağa çağırıb. Yəni Putin yaxşı başa düşür ki, onun təşəbbüsü ilə həyata keçirilən razılaşmaların bir qismi yerinə yetirilməyib. Məsələn, 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, Azərbaycanın suveren ərazisi olan Qarabağda yerləşən və separatçılara bağlı olan erməni diversantları tərksilah edilməli idi. Daha sonra həmin ərazidə olan 11 minə yaxın Ermənistan silahlı qüvvələri bölgədən çıxarılmalıydı, amma onlar nəinki oradan çıxarıldı, tam əksinə, sayda təminən 3 min artım oldu.

Beləliklə, Azərbaycanın Qarabağın sülhməramlıların nəzarətində olan ərazilər üzərində suverenliyimizi bərpa etmək məsələsi bir az da çətinləşib”.

Qabil Hüseynli hesab edir ki, sərhəd məsələlərində Ermənistan tərəfi ağlına gələni söyləyir:

“Heç bir tarixi məxrəcə, xəritəyə əsası olmadan, “filan ərazilər bizimdir” kimi sərsəm iddialar irəli sürürlər. Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə status verilməsi məsələsi onların dilindən düşmür. Həmçinin, Rusiyadakı müəyyən dairələrin, xüsusən də Rusiya KİV-də yuva salmış erməni lobbisinin köməkliyi ilə bu lazımsız fikirlər yenə də təkrarlanır. Bu məsələni Avropada fransızlar da tez-tez gündəmə gətirirlər”.

Analitik düşünür ki, müəyyən məsələlərdə kompromisə getmək olar, amma prinsipial məqamlarda – ölkənin ərazi bütövlüyünü və suverenliyini təhlükə altına ala biləcək məqamlarda güzəştə getmək qeyri-mümkündür:

“Müharibəni ona görə aparmadıq ki, qalib mövqedə olsa da, axırda hansısa şübhəli kompromislərə gedək. Güzəştlərə Ermənistan getməlidir, çünki torpaqlarımızı yağmalayıb, 30 ilə yaxın işğal altında saxlayıb. Prezidentin də dediyi kimi, İranla birlikdə yağmalayaraq, sökərək, dağıdaraq bir qismini Ermənistana, digər bir qismini də İrana aparıblar. Ölkənin fauna və florasına ölümcül zərbə vurulub, qiymətli ağaclar kəsilib. Məsələn, Kəlbəcərdəki palıd meşəsi demək olar ki, yox edilib, hətta bəzi yerlərdə kəsilmiş palıd ağaclarının kökləri yandırılıb ki, yenidən pöhrə verməsin. Bu, vandalizm aktıdır. Bununla yanaşı, 1 milyondan artıq qaçqının evi-eşiyi, əkin torpaqları və s. məhv edilib. Buna görə də, ortaya təzminat məsələsi çıxır və Ermənistan Azərbaycana vurduğu zərərə görə kompensasiya ödəməlidir”.

“İndi Putin vasitəçilik səylərini gücləndirmək istəyir, amma vasitəçilikdə ədalət meyarı necə olsun? Müharibəni törədən səbəbləri, erməni işğalının nəticələrini aradan qaldırmalıyıq. Fikrimcə, Putinin nəsihət vermək əvəzinə erməniləri ağıllandırmalıdır”, – deyə siyasi şərhçi fikirlərini tamamlayıb.