Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır

Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır

11 Oktyabr 14:57
272
Bəyəndim (0) Bəyənmədim (0)

“İkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qaldı. Bəyanatın bəndləri Ermənistan tərəfdən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərksilah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəammalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, anlaşmanın əldə edilməsinə baxmayaraq, atəşkəsin pozulması hallarına da rast gəlinir:

“Rusiya yeni müharibə istəmir, ancaq münaqişənin tam həlli üçün separatçıların tərksilah olunması və Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq etmir. Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq” formatına (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) dəstək versə də, yeni regional formatın təsisi üçün fəal siyasət yürütmür.

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya dəvət edilib. Kreml sahibi Vladimir Putin Paşinyana nələri izah edəcək? Aydındır ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək. Paşinyan əsirlərin (oxu: diversantların) geri qaytarılmasını, Ermənistan ərazilərinə “daxil olan” Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusuyla bağlı Minsk qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır. Kreml sözdə Azərbaycan və Türkiyəni tərəfdaş adlandırsa da, hər iki dövlətin Cənubi Qafqazda hərbi mövqelərinin möhkəmlənməsini istəmir”.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır:

“Kreml bununla bağlı təkliflərini həm Bakı, həm də İrəvana göndərib. Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq. Paşinyandan sonra böyük ehtimalla Moskvaya Azərbaycan Prezidenti İlham Əliyev dəvət ediləcək və onun da Kremlin təklifinə münasibəti öyrəniləcək.

Rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər. Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər”.