Moskva ilə Ankara arasında İdlib əngəli

Moskva ilə Ankara arasında İdlib əngəli

30 Sentyabr 2021 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Putinlə Ərdoğan arasında Soçidəki danışıqların yekunlarından sonra birgə mətbuat konfransının təşkil olunmaması xüsusi maraq doğurur. Tərəflər yekun bəyanatlardan da imtina ediblər.

Soçidəki görüşün vaxtını – sentyabrın 29-nu kimin seçdiyi məlum deyil, amma görünən odur ki, həmin adam simvolizmə meyllidir. Belə ki sentyabrın 30-u Rusiya hərbçilərinin Bəşər Əsədin xahişi ilə Suriyaya ekspedisiyasından altı il keçir.

İki liderdən hansısa simvolizmə meyillidir...

Bu müddət ərzində Suriya məsələsində Ankara ilə Moskva arasındakı qarşılıqlı əlaqələrdə maraqlı sxem yaranıb: eskalasiya – görüş – səs-küylü “son razılaşmalar” – sakitlik – bataqlıq – və növbəti “əngəl” üzündən yeni eskalasiya. 2019-cu ildən bu əngəllərdən ən əsası İdlibdir.

Moskva əyalətdəki M4 magistralına nəzarət edən türkpərəst qüvvələrin çıxarılmasını tələb edir və Türkiyənin İdlibdəki deeskalasiya zonasında təhlükəsizliyi təmin etməməsindən və bu rayondakı “terrorçularla ləng mübarizə apardığından” narazı qaldığını aşkar şəkildə büruzə verir. Bununla yanaşı, tamamilə aydındır ki, Rusiya belə etməklə bir tərəfdən Bəşər Əsədə münasibətdə sarsılmış nüfuzunu bərpa etməyə çalışır, onun ölkə ərazisinə maksimal mümkün nəzarətini təmin edir. Digər tərəfdənsə Suriyada iranpərəst çevrələrlə günü-gündən böyüyən rəqabət üzündən bu cür hərəkətə keçmək məcburiyyətindədir.

Amma Türkiyə də bu rayonda güzəştə gedə bilməz, belə ki bu onun ərazisinə yeni qaçqın axını təhlükəsi yarada bilər. Qaçqın məsələsi son vaxtlar Türkiyə ictimaiyyətinin əhval-ruhiyyəsinə kəskin təsir edir. İkincisi, son bir neçə il ərzində bura xeyli sərmayə qoyulub. Geriyə çəkilərlərsə, heç kəs həmin sərmayələrin təhlükəsizliyinə zəmanət verə bilməz. Odur ki, Ankara burda hərbi iştirakını artırır – türk hərbi kontingentinin sayı, demək olar ki, ağır silahlara malik 10 min nəfərə çatıb, HHM sistemləri ilə silahlandırılmış baza şəbəkəsi yaradılıb.

İdlib Türkiyə üçün milli təhlükəsizlik məsələsidir...

Mahiyyət etibarı ilə Əsəd rejiminin qoşunlarının və iranlı müttəfiqlərinin yerdən hücumu yalnız bir halda uğurlu ola bilər, o da əgər türk müdafiə sistemi havadan Rusiyanın hərbi-kosmik qüvvələri ilə yarılarsa. Bu isə Rusiya ilə Türkiyə arasında birbaşa müharibə deməkdir. Ankara ilə Moskva məhz bu neqativ ssenaridən qaçmağa can atır, hərçənd artıq iki ildir ki, bu problemin düz sərhədində müvazinətini saxlamağa çalışır.

İdlib üzrə heç bir yeni razılaşmalar və memorandumlar mümkün deyil. Burda yalnız bir variant ehtimal oluna bilər – iki prezidentin İdlibdə status-kvonun qorunub saxlanması və nə Ankaranın, nə də Moskvanın heç olmasa yaxın iki-üç il ərzində onu dəyişməyə çalışmaması barədə qeyri-rəsmi razılaşması.

Hərçənd bu barədə heç kəs rəsmi açıqlama verməsə də, amma, görünür, Soçidə bu məsələ ilə bağlı razılaşmalar əldə olunub. Belə ki son sutkalar ərzində Rusiya aviasiyası əyalətin hava məkanında uçuşların intensivliyini kəskin azaldıb, Türkiyə tərəfi ora əlavə hərbi kontingentin göndərilməsini dayandırıb, artıq formalaşmış hissələri öz ərazisindəki daimi dislokasiya məntəqələrinə qaytarıb.

Türkiyənin regiondakı təsirinin artmasının qarşısını almağın nəzəriyyəçisi Makgerki də unutmaq olmaz...

Amma, görünür, bu yetərli deyil. İdlib yalnız bir halda Rusiya-Türkiyə münasibətlərində əngəl və gərginlik mənbəyi rolunu oynamaya bilər, o da Moskva ilə Ankaranın danışıqlarının gündəliyindən tam çıxarıldıqda. O vaxt ki Kremldə İdlibin stabilliyinin həm də Türkiyənin təhlükəsizlik məsələsi olduğunu bir faktı kimi qəbul etsinlər.

Əks-halda Suriya ərazisinin bu hissəsi ətrafında Ankara ilə Moskva arasında münaqişələr daima davam edəcək. Və məlum deyil, gələn dəfə məsələ hara qədər böyüyə bilər. Xüsusilə də Ağ Evin Dəməşqə zahiri etinasızlığı fonunda ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq siyasəti üzrə koordinatoru hazırda Bredt Makgerkdir – o, Suriyada türk nüfuzunun artmasının əleyhdarıdır, Rusiyanın isə türk ekspansiyasının qarşısını alan qarant sayır. Bu isə o deməkdir ki, Vaşinqton əlverişli an yaranan kimi Suriya tonqalına yeni odunlar atmaqdan imtina etməyəcək. Virtualaz.org