Ermənistan ordusundakı Rusiyapərəst zabitlər “vurulur“ - “Generalların, polkovniklərin həbsi qaçılmazdır“

Ermənistan ordusundakı Rusiyapərəst zabitlər “vurulur“ - “Generalların, polkovniklərin həbsi qaçılmazdır“

28 Sentyabr 2021 15:32
Bəyəndim (1) Bəyənmədim (0)

“Ümumiyyətlə uduzan tərəfdə məğlubiyyət sindormu olur və bu sindrom hər zaman bir satqın, xəyanətkar və cinayətkar axtarışına gətirib, çıxarır. Bu gün həm Ermənistan xalqının özündə, həm də dövlət strukturlarında cinayətkar, satqın, xəyanətkar və yaxud da öz üzərinə düşən səlahiyyətləri yerinə yetirməyən məmurların axtarışı prosesi gedir. Əlbəttə ki, burada da siyasi dairələr özlərinə sərf edən formada bu prosesi icra etməyə çalışırlar.”

Oxuməni.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında bu sözləri Ermənistanda hərbi sahədə başlayan silsilə həbsləri şərh edən hərbi ekspert, politoloq Ramil Məmmədli söyləyib.

Ekspertin sözlərinə görə bu həbslərin əsas məğzi, orduda olan Koçaryan-Sarkisyan komandasını sıradan çıxarmaqdır:

“Ermənistan MN-nin Əməliyyat Baş İdarəsində və yaxud da, nazirliyin hansısa vacib bir strukturunda çalışan şəxslərin arasında sözsüz ki, mövcud hakimiyyəti sevməyən şəxslər var. Bunlar Koçaryan və Sarkisyan komandasının - “Qarabağ klanının” tərkib hissəsi olublar. Yaxud da ön xəttə xidmət aparan hərbi birləşmələrin komandanları olub, orada mühim vəzifələr, postlar tutublar. Siyasi rəhbərliyin bəyənmədiyi həmin şəxslərin zərərsizləşdirilməsi üçün çox əlverişli imkan yaranıb. Artıq Ermənistan hakimiyyəti bundan istifadəyə etməyə başlayıb. Bu gün Nikol Paşinyan hakimiyyətinin siyasi dairələrində və hərbi qurumlarda işləyən, xidmət aparan Koçaryan və Sarkisyana bağlı olan, zamanında onlarla dostluğu olan, hətta Sarkisyandan general rütbəsini alan kəslərin aradan götürülməsi üçün bundan münbit şərait yoxdur. Burada, artıq Ermənistan ordusunun zəif olması, Azərbaycan ordusunun güclü olaraq, yaxşı döyüşməsi və silah-texnika parkının yüksək olması deyil, tam tərsi satqınlıq və vəzifə səlahiyyətlərindən düzgün istifadə etməmək amili önə çıxarılır.”

Ramil Məmmədli düşünür ki, bu önə çıxarılma, artıq onlarla yüksək rütbəli zabitin həbsinə gətirib çıxaracaq:

“Bu sırada sözsüz ki, generallar, polkovniklər və aşağı rütbəli zabitlər də olacaq. Bütün rütbələri daşıyan zabitlərin, yüksək çinli hərbçilərin həbsi, işdən çıxarılması və yaxud da ona uyğun olmayan hərbi birləşmələrə dəyişdirilməsi kimi proseslər gedəcək. Bu proseslərdə əlbəttə ki, Ermənistan və Ermənistan ordusu itirəcək. Uzun illər böyük təcrübəyə malik hərbçilər, artıq həmin postları tutmayacaq, əvəzinə mövcud siyasi hakimiyyətə bağlı olan şəxslər hərbi qurumlarda yüksək vəzifəyə gətirələcəklər. Bu da əlbəttə ki, Azərbaycan ordusunun bölgədə imkanlarının gücləndirilməsi üçün çox vacib məqamlardan biridir.”

“Bu o deməkdir ki, birinci zərbəni Ermənistan ordusuna Azərbaycan ordusu vurubsa, ikinci zərbə artıq Ermənistanın siyasi dairələri tərəfindən vurulacaq. Onlar bir ildən bundan əvvəl birinci zərbəni alıb - şəxsi heyət, texnika və mövqelərin itkisi və s. İkinci zərbəni isə öz siyasi rəhbərliyindən alır və bu proses, artıq başlayıb. Bundan sonra həmin ordunun yenidən güclənməsi, formalaşması və inkişaf etməsi uzun illər çəkəcək.” – deyə ekspert vurğulayıb.

Hərbi mütəxəssis, həmçinin Ermənistan ordusunun Rusiyaya olan bağlılığının aradan qaldırılması üçün hansı addımların atılmasından da danışıb:

“Ortada vacib bir məqam var. Ermənistan ordusunun Rusiyaya bağlı olan yüksək çinli və yaxud da orta rütbəli zabit heyətindən xilas olmasına ən azı 30 il lazımdır. Yəni 30 il davamlı olaraq Ermənistan dövləti və ordusu, Rusiya ilə olan bütün bağlılıqlarını kəsir, Ermənistandan Rusiyanın hərbi məktəblərinə heç kim getmir oxumağa və bu müddət ərzində Ermənistan ordusu mərhələli şəkildə təmizlənir. Tək çıxış yolu budur, yoxsa ki, hansısa siyasi əmrlə və tapşırıqla bunu icra etmək mümkün deyil. Ona görə ki, Ermənistan ordusunun bir sıra zabit heyəti, xidməti və tədris dövründə bu və ya digər şəkildə Rusiyanın hərbi məktəblərindən və hərbi təlim mərkəzlərindən keçiblər. Bu keçid dövründə isə onların Rusiyanın hərbi kəşfiyyatına bağlılığı formalaşıb. Bu mümkünsüzdür ki, Rusiya həmin şəxsləri rahat buraxsın. Bir daha qeyd edirəm ki, bu bağlılığın aradan qaldırılmasına və ordunun təmizlənməsinə ən azı 30 il lazımdır. Ermənistan tərəfi bunu da gözəl başa düşür ki, ordunu Rusiyadan qoparmaq çox çətindir. Buna Nikol Paşinyanın belə ömrü yetməz. Sadəcə olaraq burada Paşinyan öz hərbi rəqiblərini zərərsizləşdirmək üçün bu addımları atır – silsilə həbslərə başlayıb.” - deyə hərbi analitik fikirlərini tamamlayıb.