Diplomat Linn Treysinin erməni mətbuatına açıqlaması heç nəyi dəyişmir

Diplomat Linn Treysinin erməni mətbuatına açıqlaması heç nəyi dəyişmir

24 Sentyabr 06:34
133
Bəyəndim (0) Bəyənmədim (0)

“Diplomat Linn Treysinin erməni mətbuatına açıqlaması ilə nəsə dəyişirmi? Üç dəfə deməsin, 93 dəfə desin. Özü bilər. ABŞ mətbuatında nəsə yazıla, Konqresdə hansısa konqresmen fikir səsləndirə bilər. Ancaq söhbət ondan gedir ki, bu danışanların qərar vermək səlahiyyəti yoxdur. Danışsınlar da... ABŞ-ın Ermənistandakı səfiri işin içində deyil. Amma ABŞ-ın Minsk qrupundakı keçmiş həmsədri Riçard Hoqland işin içindədir və yazdığı məqalə də ortadadır. Halbuki, həmsədrlər əslində banketin davamını istəyir”.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin sistemli olaraq erməni mətbuatında Qarabağ məsələsini qabartmasının, hansısa status haqqında sərsəm fikirlər işlətməsinin səbəblərinə toxunarkən deyib.

Diqqəti ABŞ-ın Minsk qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın məqaləsinə çəkən analitik Rasim Musabəyov hər kəsə həmin yazını oxumağı tövsiyə edib:

“Həmsədr Hoqland məqaləsində açıq yazır ki, biz yaxşı gəzirdik, əla otellərdə qalırdıq, yeyib-içirdik, amma iş görmürdük. Hətta məqaləsində bildirir ki, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər Ermənistan və Azərbaycan “Lavrov planı”nı qəbul etsə, onun reallaşması şansı yarana bilərmi, amma rus həmsədr “yox” cavabı verdi. Bunu sənin öz həmsədrin deyirsə, bu halda ABŞ-ın Ermənistandakı səfiri niyə zarıyır?”.

Millət vəkili hesab edir ki, belə məsələləri biz özümüz kampaniyaya çevirməməliyik:

“Treysinin dediyi sözün Azərbaycan üçün heç bir çəkisi yoxdur. Baxın, bizim Xarici İşlər Nazirliyimiz səfir Treysinin fikirlərinə rəsmi reaksiya verirmi? Yox. Prezident reaksiya verir? Yox. Prezident köməkçisi buna reaksiya verirmi, yox. Nəhayətdə Amerikada olan səfirimiz bu məsələni diqqətə alırmı? Yox. Üstəlik ABŞ-ın Azərbaycanda səfiri dilinə bu sözləri gətirirmi? Yox. Onda Treysi nə istəyir getsin danışsın. Özü bilər. Onun fikirlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

Politoloq düşünür ki, Amerikanın Ermənistanda ermənilərin ürəyinə bal sürtmək üçün dediyi sözü Amerikanın mövqeyi kimi qiymətləndirmək doğru olmaz:

“ABŞ Azərbaycandan heç nə tələb etmir. Əslində ABŞ-ın Dövlət Departamentinin gündəliyində Qarabağ məsələsi bəlkə 40-cı yerdə duran məsələdir.

Bəli, nazir Çavuşoğlu ilə Blinken ABŞ-da görüşdü. Onlar Əfqanıstanı, Suriyanı müzakirə etdilər. Qarabağ məsələsini də müzakirə etdilər. Düşünürəm ki, bu da Çavuşoğlunun təşəbbüsü ilə oldu. Amma biz öz məsələlərimizi lazımı səviyyədə müzakirə edirik. ABŞ-ın İrəvandakı səfiri Treysi bu məsələlərdən kənarda olan biridir. Danışırsa, danışsın”