Ermənistan Rusiyadan üz döndərir? - “Bu, onların xeyrinədir“

Ermənistan Rusiyadan üz döndərir? - “Bu, onların xeyrinədir“

23 Sentyabr 12:27
136
Bəyəndim (0) Bəyənmədim (0)

44 günlük Vətən Müharibəsindən sonra regionda yeni siyasi şərait yaranıb. Müharibə Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatsa da, tərəflərin bu günə kimi sülh sazişi imzalaması mümkün olmayıb.

Oxuməni.az xəbər verir ki, ekspertlər Ermənistanın məhz Rusiyanın diktəsi ilə müqavimət göstərdiyini iddia edirlər. Müharibədən sonra ölkədə siyasi və iqtisadi böhranın getdikcə dərinləşməsi Ermənistan hakimiyyətini çıxılmaz duruma salıb. Qeyri-müəyyənliyin davam etməsi, Paşinyan və komandasının parlament seçkilərində qazandığı qələbənin üzərindən pərdə çəkməkdə davam edir.

Vəziyyətdən çıxış yolu varmı?

Əksər analitiklər hesab edirlər ki, Ermənistanın xarici siyasət kursunda köklü dəyişiklər etməsinin vaxtı çatıb. Burada söhbət Rusiyanın forpostu olmaqdan qurtulmaq və Türkiyə ilə normal münasibətlər qurmaqdan gedir. Siyasi müşahidəçilərin fikrincə Ermənistan Rusiyanın yedəyindən qurtulub, Türkiyəyə üz tutsa, böyük siyasi divident və iqtisadi gəlir əldə edə bilər.

Ermənistanın xarici siyasət kursunda inqilabi dəyişikliklər etməsi mümkündürmü? Rusiyanın təsirindən xilas olmaq İrəvana hansı siyasi və iqtisadi dividentlər qazandıracaq?

Qafqaz Beynəlxaq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, Ermənistanın region ölkələriylə əlaqələr qurması, onların özləri üçün çox əhəmiyyətlidir:

“Biz bunu Ermənistanın Türkiyəyə üz tutması kimi deyil, Ermənistan-Türkiyə münasibətlərinin daha da normallaşdırılması imkanı kimi görməliyik. Ermənistan bu addımı atsa, Rusiyanın yedəyindən xilas ola bilər. Bu o anlama gəlmir ki, Ermənistan Rusiyanın boyunduruğundan xilas olub, Türkiyənin yedəyinə girəcək, yox. Rusiyanın buradakı siyasəti və atdığı addımlar fərqli, Türkiyənin regiona yanaşması isə fərqlidir. Azərbaycanın Ermənistana təklif etdiyi yanaşmalar regional münasibətləri normallaşdırmaq, beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinin mahiyyətinə uyğun münasibətlər qurmaqdır.”

Politoloq hesab edir ki, Ermənistan bunun üçün bütün qonşularına qarşı olan ərazi iddialarından vaz keçməlidir:

“Mütəmadi ittihamlardan - uydurma soyqırımı ittihamı kimi və s. əl çəkməli və normal qonşuluq münasibətləri qurmağa çalışmalıdırlar. Ermənistan bunu etsə, Türkiyə və Azərbaycanla münasibətləri tam normal qaydaya salmağa çalışsa, hansı ki, hər iki dövlətdən Ermənistan tərəfinə təkliflər və təşəbbüslər var və s. Hesab edirəm ki, bu çox gözəl addım olar. Bütün regional yolların-dəhlizlərin açılması, bölgədəki layihələrin inkişaf etdirilməsi, infrastruktur və enerji proyektləri, birgə istehsal və s. onların da xeyrinədir.”

Araz Aslanlının fikrincə, Ermənistan bu mənasız iddialarından geri dursa və ona təklif edilən, nəzərdə tutulan layihələrə müsbət yanaşsa, təbii ki, bu onlar və bölgə üçün müsbət nəticələr yaradacaq:

“Aydındır ki, bunun üçün də Ermənistan tərəfi 30 illik yanlış siyasətindən əl çəkməlidir. Ermənistanda bu 30 illik yanlış siyasətdən vazkeçmə düçüncəsi bütün mərhələlərdə olub. Elə dövrlər olub ki, bu düşüncə çox güclü səviyyədə qalıb, elə dövlər də olub ki, vaxtiylə sabiq prezident Levon Ter-Petrosyanın və digər erməni rəsmilərin 90-cı illərin ortalarında düşündükləri kimi çox zəif olub. Onlar fikirləşiblər ki, hazırda atdığımız addımlar yanlışdır, doğruya gələk, qonşularla normal münasibətlər quraq və s. amma bunu edə bilməyiblər.”

“44 günlük müharibədən sonra Nikol Paşinyan müəyyən addımlar atmağa çalışır, Türkiyə ilə münasibətlər istiqamətində müsbət mesajlar verilir və s. Təəssüf ki, buna həm Ermənistan daxilində müqavimətlər var, həm də ki, ölkə xaricində.”

“Gərək, Ermənistanda qonşularla normal münasibət qurmağın tərəfdarları o qədər güclü olsunlar ki, daxili və xarici müxalifətə rəğmən bu addımlar atılsın. Ermənistan üçün bu bir şansdır ki, Türkiyə və Azərbaycan da bu prosesə müsbət baxır. Əsas budur ki, Ermənistanın şərqindəki və qərbindəki dövlətlər onunla əlaqələr qurulması məsələsində maraqlıdırlar. Ermənistandakı hakimiyyət və müəyyən dairələr daha ağıllı və qərarlı olmalıdırlar ki, bu proses ümumilikdə Qafqaz, xüsusilə də Ermənistanın özü üçün uğurla yekunlaşsın” - deyə politoloq fikirlərini tamamlayıb.