“Şam işiğı”nda qeyd edilən müstəqillik günü: Növbəti 30 ildə Ermənistan olmayacaq

“Şam işiğı”nda qeyd edilən müstəqillik günü: Növbəti 30 ildə Ermənistan olmayacaq

22 Sentyabr 07:05
123
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ölkənin baş qərargah rəisinin Zəngəzurun gələcək taleyi ilə bağlı suala cavab verməkdən imtina etməsi Ermənistan dövlətinin “əriməyə” başladığının əlaməti də sayıla bilər; Ermənistan cəmiyyətində ölkənin yaxın gələcəkdə türkləşə biləcəyi ciddi şəkildə müzakirə olunur…

Ermənistan qeyri-müəyyən mərhələdən keçir. Bu düşmən ölkənin əhalisi gələcəklə bağlı aydın təsəvvürlərdən olduqca uzaqdır. Və yaxın gələcəkdə Ermənistan adlı uydurma dövlətin taleyinin necə olacağını bilmirlər.

Məsələ ondadır ki, ermənilərin dövlətçilik ənənəsi yoxdur və heç vaxt da olmayıb. Onların nail olduqları yeganə “uğur” çar Rusiyasının sayəsində, Azərbaycanın tarixi ərazilərində özlərinə qondarma dövlətin mövcudluğudur. Və bu mövcudluğun özü də əslində, formal xarakter daşıyır.

Bu reallıq Ermənistanın qeyd etdiyi “müstəqilliyin” 30 ili ərzində də təsdiqlənib. Çünki bu müddət ərzində Ermənistan müstəqil dövlət hesab olunsa da, məhz Rusiyanın regional forpostu kimi mövcud olunub. Bu ölkə Rusiyanın qeyri-rəsmi quberniyası kimi idarə edilib, xarici və daxili siyasəti Kremldən gələn təlimatlarla müəyyənləşdirilib.

Ermənistanın iqtisadiyyatı Rusiya şirkətlərinin mülkiyyəti olan müəssisələrdən ibarətdir. Ümumiyyətlə, Ermənistanda Rusiyaya məxsus olmayan heç nə yoxdur. Hətta bu ölkənin dövlət sərhədləri də Rusiyaya aiddir. Çünki həmin sərhədləri məhz Rusiya sərhədçiləri qoruyur. Və öz sərhədlərini müstəqil şəkildə qoruya bilməyən bir dövlətin suverenliyindən danışmaq tamamilə yersizdir.

Ancaq Ermənistanın “müstəqilliyi”nin ömrü cəmisi 30 il çəkdi. Son 30 ildə Ermənistan Rusiya ordusunun dəstəyi ilə Azərbaycan ərazilərini işğalda saxlaya bilirdi. Bu “nailiyyət” də ötən ilin sentyabrında başlamış və cəmisi 44 gün davam etmiş II Qarabağ savaşı nəticəsində sona çatdı.

Azərbaycan ordusu ilk dəfə Rusiyanın müdaxiləsi olmadan Ermənistan silahlı qüvvələriylə təkbətək qaldı. Nəticədə Ermənistan ordusu darmadağın edildi. Azərbaycan ordusu Ermənistanın Rusiyanın himayəsi və dəstəyi ilə 30 il işğalda saxladığı əraziləri azad etdi. “Qarabağ problemi”ni tarixin arxivinə göndərdi.

İndi ermənilər məhz bu biabırçı hərbi məğlubiyyətin fonunda Ermənistanın müstəqilliyinin 30 illik yubileyini qeyd edirlər. II Qarabağ savaşında məhv edilmiş erməni hərbçilərin məzarlığında şam yandırırlar. İrəvanın mərkəzi meydanında “təntənəli” şəkildə klassik musiqiyə qulaq asırlar.

Əslində, bir toplum üçün ağır hərbi məğlubiyyətlə müşayiət olunmuş müstəqillik gününü qeyd etmək ən böyük faciədir. Ermənilər artıq anlayırlar ki, onların uydurma xəyalları bundan sonra baş tutmayacaq, çünki indiyə qədər əldə etdikləri başqalarının sayəsində mümkün olmuşdu. Və artıq həmin “başqaları” Ermənistana əvvəlki dəstəyi verə bilmirlər.

00-13-1558941347.jpg (52 KB)

İndi Ermənistan iki dövlətin – ABŞ və Fransanın parlaq gələcək vəd etməyən anlaşılmaz dəstəyinə və bu ölkələrin İrəvandakı hay-küyçü səfirlərinə möhtac qalıb. Ona görə də, Ermənistan cəmiyyətində də bu ilki müstəqillik günü ilə bağlı tədbirlərin əslində, “qaranlıq gələcəyə” keçidin başlanğıcı olduğunu anlayırlar. Və bu, onların açıqlamalarından da hiss olunur.

Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan da pessimist olduğunu gizlədə bilmir. O, Paşinyan hakimiyyətini məğlub ölkədə “müstəqillik təntənəsi” təşkil etməkdə qınayır. Robert Köçəryan hesab edir ki, bu məğlubiyyətin günahkarı məhz Paşinyan hakimiyyətidir: “Onların günahı ucbatından əraziləri itirdik. Ermənistana geopolitik imkanlar açan “Artsaxı” qurban verdik. Sərhədlərimizi isə qoruya bilmirik. İndi bunlar nəyi bayram edirlər?”

İlk baxışdan, R.Köçəryan əslində, haqlı görünür. Ancaq burada bir önəmli məqamı isə nəzərə almaq istəmir. Belə ki, ondan fərqli olaraq, erməni toplumu Ermənistanın düşdüyü duruma görə yalnız Paşinyan hakimiyyətini suçlamır. Günahkarların sırasında iki keçmiş prezidenti - Qarabağ klanının liderləri olan hərbi cinayətkarları – Robert Köçəryan və Serj Sarkisyanı da suçlayır.

Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın erməni hərbçilərin məzarını ziyarət edərkən, onların valideynlərinin “Həlak olan əsgərlərimizə görə N.Paşinyan, R.Köçəryan və S.Sarkisyan cavab verməlidir” ittihamı keçmiş prezidentlərin də hədəfdə olduğunu göstərir. Bu, həm də Ermənistan cəmiyyətinin ölkənin siyasi qüvvələrinə yönəlik mövqeyini dəqiqləşdirir. Və Paşinyan hakimiyyəti əvəzlənsə belə, Qarabağ klanına növbəti dəfə şans vermək niyyətində olmadığını təsdiqləyir.

-243f6a5216152895242556158941029916.jpg (309 KB)

Digər, önəmli məqamlardan biri isə Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyanın açıqlamasında gizlənir. Belə ki, baş qərargah rəisi jurnalistlərin suallarını cavablandırarkən Qafan-Gorus yolunun təhlükəsiz olduğunu bildirib: “Mən həmin yoldan istifadə etmişəm. Əgər, mən bu yoldan keçib, geri qayıda bilmişəmsə, deməli, heç bir təhlükə yoxdur”.

Ancaq A.Davtyan jurnalstlərin Zəngəzurun (Syunik) gələcək taleyi ilə bağlı suallara cavab verməkdən imtina edib və dərhal mətbuat nümayəndələrindən uzaqlaşıb. Bu, o deməkdir ki, Ermənistanın baş qərargah rəisi ölkə ərazilərinin gələcək taleyi barədə dəqiq təsəvvürlərə malik deyil. Bu barədə hər hansı fikir yürütmək imkanlarından uzaqdır.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan elə bir vəziyyətə düşüb ki, bu ölkənin gələcək taleyi kənarda həll olunur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu prosesə təsir göstərmək imkanları demək olar ki, yoxdur. Və bu, Cənubi Qafqaz regionunda yaranmış yeni geopolitik şərtlərdən qaynaqlanır.

İndi Ermənistan cəmiyyətində hesab edirlər ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması da bu ölkəyə kömək etməyəcək. Əksinə, iqtisadiyyatı çökmüş Ermənistan xarici dövlətlərin iqtisadi maraqlarının, xüsusilə də, Azərbaycan və Türkiyə sərmayəsinin təsiri altına düşəcək. Və bu proses çox qısa zamanda Ermənistanın türkləşməsinə səbəb olacaq.

Məsələ ondadır ki, Ermənistanın çökmüş iqtisadiyyatını təkbaşına dirçəltmək imkanları yoxdur. Belə vəziyyət ölkədə sosial böhranı daha da dərinləşdirir. Ermənistan əhalisi yoxsulluq və səfalətdən xilas olmaq üçün xarici ölkələr köçməyə üstünlük verirlər. Hazırda Ermənistanın sürətlə boşalması prosesinin başlandığını yerli media da etiraf edir. Və cəmisi 2,5 milyon əhalisi olan Ermənistanın yaxın illərdə insan resurslarından məhrum qala biləcəyi qətiyyən istisna olunmur.

Ermənistanın əsas problemləri sırasında 44 günlük savaş nəticəsində dağıdılmış ordunun bərpası, dövlət büdcəsində böyük “yırtıqlar”ların olduğu halda, hərbi-texnika ilə təmin olunması da yer alır. Bu baxımdan, Ermənistanın müstəqillik gününün savaşda məhv edilən erməni hərbçilərin məzarlığında şam yandıqmaqla, qeyd olunması həm də tarixi anlamda simvolik xarakter daşıyır.

Nəzərə almaq lazımdır ki, Ermənistanın gələcək taleyi də o qədər də uzun müddət yanmayacaq həmin şamlara bənzəyə bilər. Yəni, növbəti 30 ildə Ermənistan dövlətinin ümumiyyətlə, yox ola biləcəyi qətiyyən istisna deyil. Musavat.com