AŞPA-ya göndərilən “talış hesabat”ında düşmən təsirləri

AŞPA-ya göndərilən “talış hesabat”ında düşmən təsirləri

20 Sentyabr 14:16
85
Bəyəndim (0) Bəyənmədim (0)

Özünü “Azərbaycan talışlarının ictimai şurası” adlandıran qurumun Avropa Şurasının Parlament Assambleyasına hesabatı kənar təsirlər nəticəsində ortaya çıxan cızma-qaradır. Bu “hesabat”da açıq-aşkar şimaldan və cənubdan diktələrin edildiyi aydın sezilir.

Oxuməni.az xəbər verir ki, b sözləri politoloq Qabil Hüseyinli axar.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Azərbaycan multikultural məkan kimi, milli azlıqlara və müxtəlif dini konfensiyalara müsbət münasibətilə tanınır:

“Talışlarla bağlı hazırlanıb AŞPA-nın nəzərinə çatdırılan hesabat başdan-ayağa Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə kölgə salmaq məqsədi güdür. Çünki talışlarla Azərbaycan türkü arasında qohumluq, mənəvi yaxınlıq, qaynayıb-qarışmaq minillərə dayanır. Talışlarla türklər hər zaman bir yerdə olub və həmişə ortaq mövqe nümayiş etdirib. Avropa Şurasının Milli azlıqların hüquqlarının qorunması barədə Çərçivə Sazişinə uyğun olaraq, ölkəmizdə talışlarla və digər milli azlıqlarla bağlı xeyli tədbirlər həyata keçirilib. Lənkəranda fəaliyyət göstərən Lənkəran Dövlət Universitetində talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur. Bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir. Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da var və orda da talış dilində verilişlər yayımlanır.

Milli kimlik məsələsinə gəlincə, millətin fəlsəfi-siyasi qiymətləndirməsi var; millət - ayrıca bir ərazidə yaşayan, ayrıca iqtisadiyyatı və tamamilə buna xas olan mədəniyyətə sahib olan toplumlara deyilir. Bizdə isə talışları Azərbaycanla heç bir coğrafi sərhədlər ayrılmır, biz bir yerdə yaşayırıq, bir xalqıq, çünki müxtəlif millətlərdən olub, bir dövləti təmsil edirik, aramızda minillik mədəniyyət, din birliyi, geniş qohumluq əlaqələri var. Azərbaycan türklərinə ən yaxın, doğma olan milli azlıqlardan biri də talışlardır. Talışların nümayəndələri Azərbaycan parlamentində, müxtəlif strukturlarında təmsil olunurlar. Mənsubiyyət etibarilə talış olanlar sırf Azərbaycan türklərinin yaşadığı rayonlarda həm icra başçısı, həm polis rəisi, həm də digər vəzifələrdə olurlar. Yəni bizdə heç bir məhdudiyyət və ayrı-seçkilik yoxdur, kadr seçimində şəxsi keyfiyyətə baxılır, milliyyətə deyil”.

Q.Hüseyinli vurğulayıb ki, dünyada 6 mindən çox millət olsa da, cəmi 202 dövlət quruluşu var:

“Amerikada 2 mindən çox millətin nümayəndəsi var. Amma o 2 mindən artıq millətin ayrıca məktəb və ya başqa müəssisəsi yoxdur. Ölkədə amerikanizm ideologiyası hər şeyi idarə edir. Kanadada da belədir. Qonşu Rusiyanı götürək. Orda 26-dan çox türkdilli etnosun muxtar və vilayət qurumları var. Amma əksəriyyətinin dilində nə orta məktəb var, nə də universitet. Həmişə xalqlar arasında nifaq salmağa çalışan İranda 40 milyon Azərbaycan türkü və digər türk etnosları yaşayır. Onların dilində tədris, teatr, mədəniyyət müəssiləri yoxdur. Hətta onlara küçələrdə öz dilində danışmağı qadağan edirlər. Bizdə milli azlıqlara xüsusi diqqət göstərilir. 44 günlük Vətən müharibəsində talışlar xüsusi cəsarət, qəhrəmanlıq göstərdilər. Hər zaman talışlar bu cür davranıb, çünki Azərbaycan onların vətənidir və bu vətəni qorumaq üçün həmişə öndə olublar. Elə bu səbəbdəndir ki, Şuşa şəhərindən Zəfər bayramı keçirilərkən Azərbaycanda yaşayan millətlərin folklor ansamblı da çıxış etdilər. Bu onu göstərir ki, Azərbaycan multikultural ölkədir və milli azlıqların dilinin, məxsus olduğu mədəniyyətinin inkişafı üçün hər bir şərait yaradır. Bu sistem gündən-günə fərqli formalarda zənginləşir. Sadəcə buna kənardan bədnam qüvvələr tərəfindən ilmələr atılır. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bütün xalqları birləşdirən azərbaycançılıq məfkurəsi bütün millətləri vahid çətir altında birləşdirir”.