“Milli Ordu geyimlərimizin Ermənistana İran vasitəsilə keçirildiyi bəlli oldu...”

“Milli Ordu geyimlərimizin Ermənistana İran vasitəsilə keçirildiyi bəlli oldu...”

30 İyul 2021 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

“Ona görə də Şeyxülislamın açıqlamasında bir neçə məqsəd olduğunu söyləmək mümkündür. Türkiyə və İsraili Azərbaycanın maraqlarına xidmətdən kənarlaşdırmaq, Azərbaycan Ordusunun qələbəsinə kölgə salmaq, Azərbaycan Prezidentinin - Ali Baş Komandanın apardığı siyasi və hərbi taktikaya kölgə salmaq və Azərbaycanın şəhidlər verməsini dini müstəviyə çəkmək”

“Düzü, Şeyxülislamdan belə bir açıqlama gözləmirdim. Çox yersiz və vaxtsız açıqlamadır. Bunun yalnız İranın maraqlarına cavab verdiyini söyləmək olar. İran isə, dəfələrlə xatırlatdığımız kimi, Azərbaycanın, Türkiyənin bölgədəki bütün maraqlarının, layihələrinin əleyhinədir”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu fikirləri Moderator.az-a açıqlamasında “Şuşa ziyarəti zamanı “Ayətullah Xamneyinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyən Şeyxülislam Allahşükür Paşazadəyə qarşı ittihamlar səngimək bilmir. Siz buna necə yanaşırsınız” sualına cavabında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev dilə gətirib.

Daha sonra istiqlalçı deputat müstəqilliyimizin bərpasının ilk dövründə İranın ölkəmizə qarşı fəaliyyətini təsdiqləyən şahidi olduğu bir olayı nəql edib.

“Şahidi olduğum bir fakt haqqında ilk dəfə sizə danışacağam. 1992-ci ildə - dövlətimizin müstəqilliyinin yenicə bərpa olunduğu zəif çağlarında İranın ölkəmizə qarşı fəaliyyətini təsdiqləyən bir olaydan bəhs edəcəyəm...

...Azərbaycan Ordusu yenicə yaranırdı. 1992-ci ilin mayında, Yaqub Məmmədovun Prezident səlahiyyətlərini icra etdiyi vaxtlarda məlum oldu ki, Qarabağdakı bir neçə döyüş əməliyyatında, xüsusilə Xocalı soyqırımı zamanı Milli Ordumuzun geyimində Azərbaycan dilində danışan dəstələrin mülki vətəndaşlarımızı qətlə yetirməsi barədə faktlar üzə çıxıb. Bu, dövlətdə çox ciddi təşviş və narahatlıq yaratdı. Həmin faktları araşdırmaq üçün göstəriş verildi. Milli Təhlükəsizlik Nazirliyi aydınlaşdırdı ki, hərbi geyimlər ermənilərə ötürülür və birlikdə bütün istiqamətlərdə araşdırmalara başladıq. O zaman mən Dövlət Gömrük Komitəsində operativ nəzarətə rəhbərlik edirdim. Dövlətin tam məxfi və gizli bir komissiyası fəaliyyətə başladı. Maraqlandıq ki, Bakıda tikilən hərbi geyimlərin sayı məhduddur. Bütün hərbi hissələrə, özünümüdafiə taborlarına rəsmi sənədlərlə neçə hərbi forma verilməsi və faktiki döyüşçülərin əynində olan geyimlərin sayını araşdırdıq. Mən də bununla bağlı Horadizə, sonra da Cəbrayıla Xudafərindəki gömrük məntəqəsinə yollandım. Araşdırmalar nəticəsində bəlli oldu ki, Füzuli istiqamətindəki özünümüdafiə taborunda 100-ə yaxın hərbi forma çatışmır. MTN orada əməliyyat tədbirləri apardı və aşkarlandı ki, ərazidəki döyüşçülərimiz arasında əksəriyyəti ermənimənşəli olan xüsusi təxribat qrupu fəaliyyət göstərir. Onlar hərbi forma ilə yanaşı, silahları da ələ keçirərək gizli yollarla İrana satırlar. İrandan isə həmin geyim və silahlar Ermənistandan üzərindən Qarabağdakı terrorçu birləşmələrə ötürülür. Özü də görün, həmin hərbi forma və silahları hansı hiyləgər yolla keçirirdilər... O zaman İranın dövlət gömrük komitəsinin rəhbəri azərbaycanlı idi. Biz onunla da görüşdük. O dedi ki, bu haqda bizdə məlumat yoxdur, amma birgə araşdırarıq. Və müşahidələrdən sonra gecənin birində bəlli oldu ki, həmin erməni mənşəli təxribatçı qrup hərbi forma və silahları iri camışların buynuzlarının arasına bağlayır və onları gecənin qaranlığında guya otarmaq adıyla Arazın dayaz yerinə gətirirlər. Camışlar üzərək o taya yaxınlaşanda oradakı İran təxribatçıları “əmanətləri” götürərək Ermənistana ötürürlər... İran gömrükçüləri bu dəfə onları yaxaladı. Bəlli oldu ki, bu işlə birbaşa “ETTEELAT” məşğul imiş...

“Azərbaycan dilində bilən ermənilərin soydaşlarımızı qətlə yetirməsində məqsəd isə Xocalı soyqırımından sonra olduğu kimi, guya Azərbaycanın daxilindəki qüvvələrin özlərinin müəyyən məqsədlərlə dinc azərbaycanlıları qətlə yetirməsi barədə çirkin təbliğat aparmaq idi. Bundan artıq nə demək olar?..” – deyə politoloq ritorik sual edib.

“Ona görə də Şeyxülislamın açıqlamasında bir neçə məqsəd olduğunu söyləmək mümkündür. Türkiyə və İsraili Azərbaycanın maraqlarına xidmətdən kənarlaşdırmaq, Azərbaycan Ordusunun qələbəsinə kölgə salmaq, Azərbaycan Prezidentinin - Ali Baş Komandanın apardığı siyasi və hərbi taktikaya kölgə salmaq və Azərbaycanın şəhidlər verməsini dini müstəviyə çəkmək”- deyə Cümşüd Nuriyev bildirib.